Ukrayna ABŞ-la görüşdə Donbasdan çıxma və NATO-dan imtinanı mümkünsüz adlandırıb Dünya

Ukrayna ABŞ-la görüşdə Donbasdan çıxma və NATO-dan imtinanı mümkünsüz adlandırıb

Floridada ABŞ nümayəndə heyəti ilə görüşdə Ukrayna tərəfi Donbasdan çıxmağı və NATO-ya üzvülükdən imtinanı mümkünsüz adlanıdırıb.

Bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Məlumata görə, əsas mübahisələr məhz ərazi məsələləri və Ukraynanın NATO-ya mümkün üzvlüyü ətrafında gedib.

Kiyev tərəfi bildirib ki, Rusiyanın Donbasdan tam çıxışı ilə bağlı irəli sürdüyü tələb Ukrayna üçün qəbuledilməzdir. Çünki həm Konstitusiya məhdudiyyətləri, həm də cəmiyyətin mövqeyi və cəbhədəki real vəziyyət buna imkan vermir.

Ukrayanın mövqeyi dəyişməz olaraq qalır: ərazi məsələləri ilə bağlı hər hansı müzakirə Rusiya tərəfindən irəli sürülən ultimativ şərtlərdən deyil, mövcud təmas xəttindən başlamalıdır.

Ukrayna nümayəndə heyəti ayrıca qeyd edib ki, NATO-ya üzvlük kursu Konstitusiyada təsbit olunub və bu müddəanın hansısa saziş naminə dəyişdirilməsi təhlükəli presedent yaradardı. Kiyev həmçinin Rusiyanın Ukraynanın Alyansa qoşulmasına veto hüququ əldə etməsinin qətiyyən mümkün olmadığını bildirib.

Mənbənin sözlərinə görə, ABŞ tərəfi Kiyevin arqumentlərini dinləməyə hazır olduğunu göstərsə də, Rusiya ilə danışıqların mürəkkəbliyini xatırladır: “Siz 100% haqlı ola bilərsiniz, amma orada qarşı tərəf də var... Əgər o, ‘yox’ deyirsə, biz nə edə bilərik?”