10:49
532
Alimlər İngiltərədə meymun çiçəyi xəstəliyinin yeni variantının müəyyən edildiyini açıqlayıblar. Əvvəllər "meymun çiçəyi" kimi tanınan mpox virusunun yeni ştammının bu yaxınlarda Asiyaya səyahət etmiş bir şəxsdə aşkar edildiyi bildirilir.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni variantın müxtəlif meymunçiçək ştammlarından genetik material ehtiva edən "rekombinant" virus olduğunu açıqlayıb. Mütəxəssislər deyirlər ki, bu hadisə virusun qlobal dövriyyədə olduğunu və təkamül etməkdə davam etdiyini göstərir.
Yeni variantın simptomları aşkar edilib.
Meymun çiçəyi yaxın təmas yolu ilə ötürülür. Xəstəlik öskürək və asqırma yolu ilə olduğu kimi cinsi əlaqə yolu ilə də keçə bilər. Mütəxəssislərin fikrincə, xəstəlik qripə bənzər simptomlarla başlayır. Üşümə, zəiflik, əzələ və bel ağrılarından sonra dəridə qabarcıqlar, ləkələr və ya xoraya bənzər səpgilər görünə bilər.
NHS meymunçiçək simptomlarına qızdırma, baş ağrısı, bel ağrısı, əzələ ağrıları və bədənin hər yerində görünə bilən suluqlu səpgi daxil olduğunu açıqlayıb. Səpgi adətən qızdırma və digər qripəbənzər simptomlardan bir-beş gün sonra görünür.
Peyvənd çağırışı edilib
Səhiyyə Təhlükəsizliyi Agentliyinin (STA) üzvü Dr. Keti Sinka bildirib ki, bu yeni meymunçiçək ştammı genetik test vasitəsilə müəyyən edilib və virusların zamanla dəyişməsi təbiidir.
Sinka deyib: "Meymunçiçək bir çox insanda yüngül ola bilər, lakin bəzi hallarda ağır xəstəliyə səbəb ola bilər. Peyvənd ağır xəstəliklərdən qorunmağın təsirli bir üsuludur. Peyvənd olunmaq hüququ olanlar mütləq peyvənd olunmalıdırlar."
Məryəm Quliyeva