Çin və ABŞ qırıcıları Sarı dəniz üzərində qısa “hava qarşıdurması” yaşayıb Dünya

Çin və ABŞ qırıcıları Sarı dəniz üzərində qısa “hava qarşıdurması” yaşayıb

Cənubi Koreyada yerləşən ABŞ kontingentinin qırıcıları və Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) aviasiyası çərşənbə günü Sarı dəniz üzərində qısa müddətli “hava qarşıdurması”na girib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yonhap" hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Koreya Kontingenti-nə məxsus bir neçə F-16 Fighting Falcon qırıcısı Pxönthek şəhəri yaxınlığındakı Osan bazasından beynəlxalq sularda təlim uçuşu həyata keçirirdi. Təyyarələr iki ölkənin hava hücumundan müdafiə tanıma zonaları arasında yerləşən akvatoriyaya daxil olduqda, iddiaya görə, Çin Xalq Azadlıq Ordusu həmin bölgəyə öz döyüş aviasiyasını göndərib.

Agentlik hadisəni “qısa hava qarşıdurması” kimi xarakterizə edib və döyüş toqquşmasının baş vermədiyini vurğulayıb. ABŞ kontingenti planlaşdırılan təlim uçuşu barədə Cənubi Koreya hərbçilərinə əvvəlcədən məlumat versə də, manevrlərin detalları açıqlanmayıb.

Hadisənin ABŞ-ın Asiyada, xüsusən Çinlə rəqabət fonunda regiondakı hərbi strategiyasına dair müzakirələrin artdığı bir vaxtda baş verdiyi qeyd olunur.

Məryəm Quliyeva