SEPAH xəbərdarlıq atəşindən sonra ABŞ-nin F-16 qırıcısının geri çəkildiyini açıqlayıb Dünya

SEPAH xəbərdarlıq atəşindən sonra ABŞ-nin F-16 qırıcısının geri çəkildiyini açıqlayıb

Hörmüz boğazındakı Henqam adası yaxınlığında İranın hava məkanına yaxınlaşan ABŞ-nin F-16 qırıcısı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) hava hücumundan müdafiə (HHM) qüvvələrinin xəbərdarlıq atəşindən sonra kursunu dəyişməyə məcbur olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Qayda pozan gəmilərin müşayiəti və havadan mühafizəsinin təmin edilməsi missiyası çərçivəsində Henqam adasından cənub-şərq istiqamətində İran İslam Respublikasının hava məkanına yaxınlaşan ABŞ Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı SEPAH Aerokosmik Qüvvələrinin yeni qabaqcıl HHM sisteminin xəbərdarlıq atəşi ilə qarşılanıb və kəskin manevrdən sonra kursunu dəyişərək ölkənin hava məkanından uzaqlaşmağa məcbur olub", – deyə bəyanatda bildirilir.

SEPAH xəbərdarlıq edib ki, Hörmüz boğazında gəmiçiliyə nəzarət və idarəetmə qaydalarından yayınmaq cəhdləri yolverilməzdir və bu, qayda pozanlar, eləcə də onları dəstəkləyən silahlı qüvvələr üçün daha ciddi zərərlərə səbəb ola bilər. Bəyanatda həmçinin vurğulanır ki, İranın hava məkanı ölkənin silahlı qüvvələri üçün "qırmızı xətt"dir və təkrar pozuntu Amerika təyyarələrini "vurulmuş F-15 qırıcısı və ABŞ pilotsuz uçuş aparatlarının aqibəti ilə üzləşmək" təhlükəsi altında qoyur.

Məryəm Quliyeva