“Dron hücumları müharibənin coğrafiyasının genişləndiyini göstərir” Dünya

“Dron hücumları müharibənin coğrafiyasının genişləndiyini göstərir”

“Ukraynanın Moskvaya yönəlik dron hücumları müharibənin coğrafiyasının və psixoloji ölçüsünün genişləndiyini göstərir. Bu tip hücumlar hərbi baxımdan böyük strateji dönüş yaratmasa da, siyasi və simvolik təsiri yüksəkdir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Politoloq bildirib ki, Moskva ətrafında hava məkanının məhdudlaşdırılması və hava limanlarında tətbiq edilən restriksiyalar Kremlin təhlükəsizlik sisteminə yönəlmiş mesaj xarakteri daşıyır: “Bu cür hücumların davam etməsi Rusiyanın hava hücumundan müdafiə sistemlərini paytaxt və iri sənaye mərkəzləri ətrafında daha da gücləndirməsinə, eyni zamanda daxili təhlükəsizlik tədbirlərini sərtləşdirməsinə səbəb ola bilər”.

Onun sözlərinə görə, digər tərəfdən, proseslərin ardı qarşılıqlı eskalasiya mərhələsinə keçə bilər: “Rusiya cavab olaraq Ukraynanın enerji və hərbi-logistika infrastrukturuna daha intensiv zərbələr endirə bilər. Bununla paralel olaraq, informasiya müharibəsi və psixoloji təzyiq elementləri də güclənə bilər. Lakin genişmiqyaslı strateji dəyişiklik ehtimalı tərəflərin resurs balansı və beynəlxalq reaksiyalardan asılı olacaq. Əgər hücumlar sistemli xarakter alarsa, münaqişə daha dərin və uzunmüddətli aşınma fazasına daxil ola bilər”.

Röya İsrafilova