Tramp: ABŞ NATO çərçivəsindəki kursuna "çox ciddi" şəkildə yenidən baxacaq Dünya

Tramp: ABŞ NATO çərçivəsindəki kursuna "çox ciddi" şəkildə yenidən baxacaq

Birləşmiş Ştatlar Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərçivəsindəki fəaliyyətini "çox ciddi" şəkildə nəzərdən keçirmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Aprelin 12-si axşam saatlarında Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti deyib:

"Biz NATO-ya onlara Rusiya qarşısında keşik çəkməkdə kömək etmək üçün trilyonlarla dollar xərcləyirik. Əslində isə Rusiyaya qarşı keşik çəkən bizik. Artıq çoxdan bunun bir az gülünc olduğunu düşünürəm. Biz bu fəaliyyətə trilyonlarla dollar xərcləyirik və hesab edirəm ki, buna çox ciddi şəkildə yenidən baxılacaq."

Ağ Ev rəhbəri NATO müttəfiqlərinin İran ətrafındakı vəziyyətdə ABŞ-a dəstək verməməsinə işarə edərək əlavə edib: "Biz NATO üçün trilyonlarla dollar ödəyirik, onlar isə bizi dəstəkləmədilər."

Bununla əlaqədar Amerika liderindən İranla bağlı qərarlarından narazı qaldığı bəzi NATO müttəfiqlərini "cəzalandırmaq" üçün hər hansı addım atmağı planlaşdırıb-planlaşdırmadığı soruşulub. Prezident bu sualdan yayınaraq, "Baxarıq, işlər necə gedəcək" deyə cavab verib. "NATO-dan çox məyusam, onlar bizə kömək etmədilər," — deyə o əlavə edib.

Məryəm Quliyeva