14:48
637
Fransa və Almaniya liderləri Emmanuel Makron və Fridrix Merts yeni nəsil Avropa qırıcısının yaradılmasını nəzərdə tutan Future Combat Air System (FCAS) layihəsi üzərində işləri davam etdirmək barədə razılığa gəliblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Aprelin 24-də Makron və Merts Aİ liderlərinin qeyri-rəsmi sammitinin keçirildiyi Kiprdə danışıqlar aparıblar. Jurnalistlərin tərəflərin bu layihəni tamamilə bağlayıb-bağlamadığı barədə sualına Makron "Xeyr, qətiyyən yox" cavabını verib.
"Kanslerlə yaxşı söhbətimiz oldu və biz müdafiə nazirliklərimizə müəyyən istiqamətlər, bir sıra məsələlər üzrə nöqtəvi işləməyi tapşırdıq. Söhbət təkcə perspektivli qırıcıdan deyil, iki ölkə arasındakı müxtəlif əməkdaşlıq sahələrindən gedir", — deyə Fransa prezidenti bildirib.
Almaniya hökumətinin rəsmi nümayəndəsi agentliyə təsdiqləyib ki, hər iki ölkənin liderləri müdafiə qurumlarına "müxtəlif əməkdaşlıq istiqamətləri üzrə işləri davam etdirməyi və növbəti addımlar barədə razılığa gəlməyi" tapşırıblar. Agentliyin həmsöhbəti əlavə edib ki, "bu iş yaxın həftələrdə tamamlanacaq".
Məryəm Quliyeva