12:25
1 239
NATO kəşfiyyat təyyarələri parkını yeniləyərkən Amerika istehsalı olan təyyarələrdən imtina etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın "La Lettre" və Almaniyanın "DPA" agentlikləri Alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Hava xəbərdarlıq və idarəetmə sisteminin (AWACS) gələcək parkı Kanadanın Bombardier şirkətinin təyyarələrindən ibarət olacaq. Bu təyyarələr İsveçin Saab şirkəti tərəfindən hazırlanmış GlobalEye kəşfiyyat və erkən xəbərdarlıq sistemi ilə təchiz ediləcək.
Bir neçə milyard dollar dəyərində olan 12 ədədə qədər "Global 6000" və ya "Global 6500" tipli təyyarənin sifariş edilməsi planlaşdırılır. İlkin olaraq NATO Amerikanın Boeing E-7A Wedgetail təyyarələrinə ümid edirdi, lakin ABŞ 2025-ci ilin yayında proqramdan çıxdı. Xərclərin əsas hissəsinin Almaniya tərəfindən qarşılanacağı gözlənilir.
Hazırda NATO-nun kəşfiyyat təyyarələri sisteminin əsasını bəzilərinin yaşı 40-a çatan "Boeing"lər təşkil edir. Bu təyyarələr hazırda əsasən Şərqi Avropa üzərindəki hava məkanının monitorinqi üçün istifadə olunur.
Məryəm Quliyeva