14:56
665
Norveç 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdırmağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Ölkə hökuməti müvafiq qanun layihəsini ilin sonunadək parlamentə təqdim edəcək. Qadağa 16 yaşından kiçik şəxslərə şamil olunacaq. Texnologiya şirkətləri istifadəçilərin yaşını yoxlamağa borclu ediləcək.
"Biz istəyirik ki, uşaqlar uşaqlıq illərində uşaq kimi qala bilsinlər. Oyunlar, dostluq və gündəlik həyat alqoritmlərə və ekranlara tabe edilməməlidir", — deyə Baş nazir Yonas Qar Stere bildirib.
Norveçin rəqəmsallaşma naziri Karianne Tunq vurğulayıb ki, qadağaya əməl olunmasına görə məsuliyyət uşaqların deyil, şirkətlərin üzərinə düşür.
Beləliklə, Norveç artıq analoji məhdudiyyətlər tətbiq etmiş Avstraliya və Yunanıstana qoşulub. Avstraliyanın tətbiq etdiyi tədbirlər dekabrda qüvvəyə minib və 4,7 milyon hesaba təsir göstərib. Yunanıstan isə gələn ilin əvvəlindən 15 yaşından kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək.
Məryəm Quliyeva