15:35
1 064
Böyük Britaniyanın müdafiə hazırlığı üzrə naziri Lük Pollard, "General Dynamics" şirkəti tərəfindən istehsal olunan "Ajax" zirehli maşınlarının qəbul sınaqlarının hərbçilərin təhlükəsizliyinə gücləndirilmiş nəzarət şəraitində bərpa olunduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dəyəri təxminən 6 milyard funt-sterlinq olan "Ajax" proqramı 2014-cü ildə müqavilə imzalandığı gündən bəri texniki problemlər və gecikmələrlə üzləşir. Əvvəllər hərbçilərin kəskin səs-küy, vibrasiya, ürəkbulanma və səhhətin pisləşməsi ilə bağlı şikayətlərindən sonra sınaqlar dayandırılmışdı.
2025-ci ilin dekabrında təhlükəsizlik yoxlamaları üçün sınaqlar dondurulmuşdu. İndi isə nazirin sözlərinə görə, səs-küy və vibrasiya səviyyəsinin icazə verilən hədlər daxilində olduğu qənaətinə gəlindiyi üçün məhdud sınaqlar bərpa olunur.
Pollard bildirib ki, proqram çərçivəsində ventilyasiya, isitmə və elektrik enerjisi sistemlərinin təkmilləşdirilməsi də daxil olmaqla bəzi düzəlişlər planlaşdırılır. O vurğulayıb ki, bu dəyişikliklər mövcud büdcə çərçivəsində həyata keçiriləcək.
Onun sözlərinə görə, hökumət texnikanın istismar göstəricilərini yüksəltmək üçün "General Dynamics" ilə "təhlükəsiz, məsuliyyətli və şəffaf" şəkildə əməkdaşlığı davam etdirəcək.
"Ajax" zirehli maşınları Cənubi Uelsdə yığılır və burada təxminən 700 əməkdaş çalışır.
Məryəm Quliyeva