Naim Qasım: "Livanın cənubunu İsrail üçün cəhənnəmə çevirəcəyik" Dünya

Naim Qasım: "Livanın cənubunu İsrail üçün cəhənnəmə çevirəcəyik"

Şiə təşkilatı "Hizbullah" təslim olmayacaq və Livanı Amerika-İsrail təcavüzündən müdafiə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi şeyx Naim Qasım öz tərəfdarlarına ünvanladığı və "Telegram" kanalında yerləşdirilən yazılı müraciətində bildirib.

"İslam müqaviməti qüvvələri silahı yerə qoymayacaq. Biz döyüş meydanını tərk etməyəcəyik və oranı İsrail əsgərləri üçün cəhənnəmə çevirəcəyik", — deyə siyasətçi qeyd edib. Onun sözlərinə görə, Livan "heç vaxt 'Böyük İsrail'in bir hissəsi olmayacaq".

Şeyx Qasımın bəyanatı İsrailin elit "Qolani" diviziyasının səkkiz hərbçisinin Litani çayının şimal sahilindəki əməliyyat zamanı yaralanması barədə məlumat yayıldıqdan sonra yayılıb.

"Al Jazeera" telekanalının verdiyi məlumata görə, şiə döyüşçülər "Hizbullah"ın qalası hesab edilən Zautar əş-Şərqiyə şəhərinin ətrafında İsrail qoşunları ilə toqquşmaya girərək onlara itki veriblər. İsrail əməliyyatının məqsədi həmin ərazidə yerləşən və Livandakı İsrail işğalçı qüvvələrinə hücum etmək üçün istifadə olunan kamikadze-dronların buraxılış məntəqəsi olan hərbi bazanı məhv etmək olub.

Məryəm Quliyeva