“Bu, Aİ daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər” Dünya

“Bu, Aİ daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər”

“Avropa İttifaqında veto hüququ ilə bağlı müzakirələr təkcə qərarqəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi məsələsi deyil, eyni zamanda, Aİ-nin siyasi kimliyinin necə formalaşacağı ilə bağlı debatdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

Onun sözlərinə görə, əgər yeni üzv ölkələr müəyyən müddət veto hüququndan məhrum edilərsə, bu, faktiki olaraq ittifaq daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər: “Belə yanaşma qısamüddətli perspektivdə qərarların qəbulunu asanlaşdırsa da, uzunmüddətli perspektivdə yeni üzvlərin Aİ-yə inteqrasiyasını çətinləşdirə və onların siyasi narazılıqlarını artıra bilər. Xüsusilə Ukrayna kimi namizəd ölkələr üçün tamhüquqlu üzvlük təkcə iqtisadi deyil, həm də siyasi bərabərlik məsələsidir. Buna görə də veto hüququnun məhdudlaşdırılması gələcəkdə Aİ daxilində mərkəz və periferiya bölgüsünü daha da dərinləşdirə bilər”.

A.Nəsirov əlavə edib ki, bu baxımdan müzakirə olunan məsələ yalnız idarəetmə islahatı deyil, Avropa İttifaqının gələcək siyasi arxitekturasının necə olacağına dair strateji seçim kimi qiymətləndirilməlidir.

Röya İsrafilova