“Ermənistan uğrunda geosiyasi rəqabət davam edir” Dünya

“Ermənistan uğrunda geosiyasi rəqabət davam edir”

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları Moskvanın rəsmi mövqeyini əks etdirir”.

Bunu politoloq Əli Mustafa xalqcebhesi.az-a açıqlaması zamanı sötləyib.

Politoloqun sözlərinə görə, lakin bu bəyanatların tam obyektiv və ya seçki prosesinin bütün tərəflərini əhatə edən qiymətləndirmə kimi qəbul edilməsi doğru olmaz: “Seçki prosesi ilə bağlı müxtəlif istiqamətlərdən qanun pozuntularına dair məlumatlar yayılıb. Seçki günü və ondan əvvəlki dövrdə müxtəlif qanun pozuntuları ilə bağlı məlumatlar mövcud idi. Bu iddiaların bir hissəsi müxalif qüvvələrin fəaliyyəti ilə bağlı idi. Seçicilərə təsir göstərmək cəhdləri, pul paylanması və digər qanunsuz üsullarla bağlı səslənən ittihamlar da seçki qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilər. Eyni zamanda hakimiyyətin inzibati resurslardan istifadəsinə dair iddialar da səsləndirilirdi”.

Ə.Mustafa hesab edir ki, Rusiyanın seçkilərlə bağlı bəyanatları müəyyən qədər sərt və qərəzli təsir bağışlayır:
“Bütün hallarda, seçki prosesi artıq yekunlaşıb və verilən bu tip açıqlamaların nəticələrə hər hansı təsir göstərməsi mümkün görünmür. Ona görə də bu bəyanatlar daha çox siyasi mövqe nümayişi kimi dəyərləndirilə bilər”.

Politoloq Paşinyanın hakimiyyətdə qalmasının Ermənistanın xarici siyasət kursuna da təsir göstərəcəyini bildirib:
“Ermənistan uzun müddətdir Qərblə Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilib. Nikol Paşinyan hakimiyyətdə qaldıqdan sonra da Qərblə münasibətlərin inkişaf etdirilməsi istiqamətində siyasətini davam etdirəcək. Bununla belə, bu proses sürətli deyil, mərhələli şəkildə həyata keçiriləcək. Çünki Ermənistanın hazırkı mərhələdə Rusiya ilə iqtisadi və digər əlaqələrin qorunub saxlanılmasında marağı qalmaqdadır. Ermənistan uğrunda Qərblə Rusiya arasında geosiyasi mübarizə davam edir. Bu qarşıdurma bəzən açıq, bəzən isə daha gizli formada özünü göstərir. Müxtəlif dövrlərdə gərginliyin səviyyəsi dəyişsə də, Ermənistanın geosiyasi istiqaməti uğrunda rəqabət davam edir. Hazırkı mərhələdə isə Qərbin regiondakı təsir imkanlarını artırmaq baxımından müəyyən üstünlük əldə etdiyini söyləmək mümkündür”.

Günel Elxan