“Bu, İranın proksi qüvvələrinin bitirilməsi strategiyasının tərkib hissəsidir” Dünya

“Bu, İranın proksi qüvvələrinin bitirilməsi strategiyasının tərkib hissəsidir”

“Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi əməliyyatlara başlaması, əslində, İranın proksi qüvvələrinin bitirilməsi strategiyasının tərkib hissəsidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazında İranın yaratmış olduğu təzyiqlər səbəbindən yaranan enerji böhranı ABŞ-ni hərbi əməliyyatların aktiv mərhələsini dayandırıb, İranla danışıqlar prosesinə aparmağa vadar etmişdi: “Hələlik bu istiqamətdə ciddi irəliləyişin olmaması İrana yeni eskalasiyanın başlanması təhdidlərini artırdığı bir vaxtda İran da bu dəfə Qırmızı dənizdən hərəkət edən ticarət marşrutlarını Bab-əl-Məndəb keçidi vasitəsilə təhdid edirdi. Şübhəsiz ki, bu istiqamətdə prosesləri dayandırmaq üçün, eyni zamanda, hərbi əməliyyatların iki cəbhədə aparılmaması üçün yenidən İranla atəşkəs danışıqları və bunun paralelində isə Yəməndə İsrailə qarşı əməliyyatların başlanması gözlənilən idi”.

Ekspert düşünür ki, bu əməliyyatlar başlanacağı təqdirdə husilərin tamamilə həm Yəmənə, həm də Qırmızı dənizə nəzarətinin itməsi ilə proses tamamlana bilər.

Röya İsrafilova