Orta Dəhliz: yeni geosiyasi reallıq Mərkəzi Asiya–Azərbaycan formatı Dünya

Orta Dəhliz: yeni geosiyasi reallıq Mərkəzi Asiya–Azərbaycan formatı

Yeni yanaşmanın mərkəzində Azərbaycan dayanır

Qlobal ticarət şəbəkələrinin yenidən formalaşdığı və geosiyasi rəqabətin nəqliyyat dəhlizləri üzərindən intensivləşdiyi müasir dövrdə Avrasiya yeni strateji transformasiya prosesindən keçməkdədir. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra beynəlxalq təchizat zəncirlərində baş verən qırılmalar və Şimal Dəhlizinin üzləşdiyi siyasi və iqtisadi risklər dövlətləri alternativ ticarət marşrutlarına yönəltmişdir. Bu prosesdə Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhliz təkcə bir nəqliyyat xətti olmaqdan çıxaraq Avrasiyanın geoiqtisadi və geosiyasi arxitekturasını formalaşdıran strateji oxa çevrilmişdir. Dəhlizin əhəmiyyəti artıq yalnız daşınan yükün həcmi ilə deyil, regional əməkdaşlığı, iqtisadi inteqrasiyanı və siyasi koordinasiyanı gücləndirmək potensialı ilə də qiymətləndirilməkdədir.
Bu transformasiya nəqliyyat infrastrukturunun diplomatik mexanizmlərlə dəstəklənməsini zəruri etmişdir. Son dövrlərdə nəqliyyat, enerji, logistika və rəqəmsal bağlantısallıq sahələrində inkişaf edən əməkdaşlıqlar Orta Dəhlizin təkcə fiziki deyil, həm də institusional infrastrukturunu gücləndirməkdədir. Bu çərçivədə Daşkənddə keçirilən "Mərkəzi Asiya–Azərbaycan" Dövlət Başçıları Zirvə Görüşü, Avrasiyada formalaşmaqda olan yeni regional arxitekturanın mühüm göstəricilərindən biri olmuşdur. Əvvəllər yalnız Mərkəzi Asiya dövlətlərini əhatə edən məşvərət mexanizminin Azərbaycanı da özünə daxil edəcək şəkildə yenidən qurulması, Xəzərin hər iki sahili arasında strateji inteqrasiyanın siyasi səviyyədə institusionallaşmağa başladığını göstərməkdədir.
Sözügedən format Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsinə çevrilməsini deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında institusional əlaqə quran strateji tərəfdaş kimi mövqeləndirilməsini hədəfləyir. Bu baxımdan yeni mexanizm regional nəqliyyat şəbəkələrinin idarə olunması, Xəzər keçidli ticarətin koordinasiyası və Orta Dəhlizin dayanıqlılığının təmin edilməsi baxımından mühüm siyasi platforma xarakteri daşıyır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının siyasi və mədəni əməkdaşlığını geoiqtisadi müstəvidə tamamlayan yeni regional idarəetmə modeli kimi də qiymətləndirilə bilər.
Bu yeni yanaşmanın mərkəzində isə Azərbaycan dayanır. Uzun illər Cənubi Qafqaz perspektivindən qiymətləndirilən Bakı bu gün inkişaf etmiş nəqliyyat infrastrukturu, çoxşaxəli xarici siyasət yanaşması və bağlantısallıq yönümlü strategiyası sayəsində Avrasiyanın ən mühüm geoiqtisadi aktorlarından birinə çevrilmişdir.

Azərbaycanın yeni regional rolu: Mərkəzi Asiya ilə institusionallaşan strateji tərəfdaşlıq

Daşkənddə keçirilən ‘‘Mərkəzi Asiya–Azərbaycan’’ Dövlət Başçıları Zirvə Görüşü, yalnız yeni bir diplomatik məşvərət mexanizminin elan edilməsi kimi qiymətləndirilməməlidir. Zirvə, Xəzər hövzəsində inkişaf edən nəqliyyat və ticarət şəbəkələrinin siyasi səviyyədə institusionallaşdırılmasına yönəlmiş mühüm bir addımı təmsil edir. Xüsusilə Orta Dəhlizin beynəlxalq ticarətdə getdikcə daha çox əhəmiyyət qazanması, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında daha müntəzəm və koordinasiyalı əməkdaşlıq mexanizminə olan ehtiyacı ortaya çıxarmışdır. Bu səbəbdən yeni format yalnız diplomatik dialoqu gücləndirməyi deyil, nəqliyyat, logistika, enerji və ticarət siyasətlərinin ortaq strateji perspektiv çərçivəsində nəzərdən keçirilməsini də hədəfləyir.
Həqiqətən də son illərdə həyata keçirilən investisiyalar bu məqsədi dəstəkləyir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt), Bakı–Tbilisi–Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi və rəqəmsal gömrük tətbiqlərinin genişləndirilməsi Azərbaycanın yalnız yüklərin tranzit keçidinə imkan yaradan bir ölkə deyil, nəqliyyat proseslərini idarə edən regional logistika mərkəzi olmağı hədəflədiyini göstərir. Beləliklə, nəqliyyat infrastrukturu, xarici siyasət və iqtisadi inkişaf hədəfləri eyni strateji çərçivədə birləşdirilir.
Bu baxımdan ‘‘Mərkəzi Asiya–Azərbaycan’’ formatı yalnız Azərbaycanın yüksələn regional rolunu təsdiq edən bir mexanizm deyil, eyni zamanda Xəzərin hər iki sahilində yerləşən türk dövlətləri arasında müntəzəm siyasi koordinasiyanı gücləndirəcək yeni regional idarəetmə modeli kimi də qiymətləndirilə bilər. Formatın dayanıqlılığı Orta Dəhlizin institusional potensialını artıracağı kimi, Türk Dünyasının iqtisadi inteqrasiyasına da yeni təkan vermək potensialına malikdir. Xüsusilə Azərbaycanın bu prosesdə üzərinə götürdüyü rol, ölkənin artıq yalnız Cənubi Qafqazın deyil, həm də Avrasiya bağlantısallığının mərkəzi aktorlarından birinə çevrildiyini göstərir.

Orta Dəhlizin əsas həlqəsi: Azərbaycanın yüksələn geoiqtisadi gücü

Orta Dəhlizin qlobal ticarət baxımından etibarlı və rəqabətqabiliyyətli alternativə çevrilməsi, dəhliz üzərində yerləşən ölkələrin infrastruktur potensialı və siyasi koordinasiya qabiliyyəti ilə birbaşa əlaqəlidir. Bu çərçivədə Azərbaycan yalnız marşrut üzərində yerləşən tranzit ölkə deyil, Xəzər keçidini idarə edən, logistika axınını koordinasiya edən və dəhlizin operativ davamlılığını təmin edən əsas aktor mövqeyindədir. Xəzər dənizinin qərb sahilində yerləşən strateji mövqeyi sayəsində Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasındakı bağlantının ən mühüm həlqəsini təşkil edir.
Bu mövqenin arxasında uzun illərə söykənən planlı infrastruktur investisiyaları dayanır. Ələtdə inşa edilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dəmir yolu, avtomobil yolu və dəniz daşımalarını inteqrasiya edən müasir logistika mərkəzi kimi layihələndirilmiş, Bakı–Tbilisi–Qars dəmir yolu isə Xəzərin şərqindən gələn yüklərin Türkiyə üzərindən Avropanın dəmir yolu şəbəkəsinə fasiləsiz şəkildə çatdırılmasını mümkün etmişdir. Beləliklə, Azərbaycan yalnız yüklərin keçdiyi bir ölkə deyil, regional ticarət axınını istiqamətləndirən strateji logistika mərkəzinə çevrilmişdir.
Son dövrlərdə Özbəkistan, Azərbaycan və Gürcüstan arasında inkişaf edən əməkdaşlıq da bu transformasiyanın mühüm göstəricilərindən biridir. Tərəflər arasında liman idarəçiliyi, dəmir yolu daşımaları, rəqəmsal logistika sistemləri və gömrük proseslərinin uyğunlaşdırılması istiqamətində atılan addımlar Orta Dəhlizin institusional potensialını gücləndirməkdədir.
Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıracaq digər mühüm inkişaf isə Çin–Qırğızıstan–Özbəkistan Dəmir Yolu Layihəsidir. Sözügedən xəttin tamamlanması Çindən Mərkəzi Asiyaya çatan yüklərin Xəzər sahillərinə daha qısa müddətdə daşınmasını təmin edəcəkdir. Bu yüklərin Avropa bazarlarına çatdırılması isə böyük ölçüdə Azərbaycanın liman infrastrukturu və nəqliyyat şəbəkələrindən asılı olacaqdır.
Zəngəzur Dəhlizi də Azərbaycanın bağlantısallıq baxışının tamamlayıcı elementlərindən biridir. Dəhlizin həyata keçirilməsi Azərbaycanın Naxçıvan ilə birbaşa quru bağlantısını yenidən bərpa etməsi ilə yanaşı, Türkiyə ilə Xəzər hövzəsi arasındakı nəqliyyat şəbəkəsini də gücləndirəcəkdir. Beləliklə, Orta Dəhliz alternativ bağlantılarla dəstəklənən daha dayanıqlı və davamlı bir struktura qovuşacaq, regional ticarətin fasiləsiz şəkildə davam etməsinə töhfə verəcəkdir.
Bu prosesdə Türkiyə–Azərbaycan strateji tərəfdaşlığı da həlledici rol oynayır. Şuşa Bəyannaməsi ilə institusional xarakteri daha da möhkəmlənən münasibətlər nəqliyyat və logistika sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə yüksəltmişdir. Türkiyənin Avropaya açılan qapı, Azərbaycanın isə Xəzərin qərb sahilində yerləşən logistika mərkəzi mövqeyi Orta Dəhlizin ən güclü geostrateji oxunu formalaşdırır. Bu vəziyyət yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, Türk Dünyasının bağlantısallıq baxışına və Avrasiyada regional inteqrasiya prosesinə də mühüm töhfə verir.

Nəticə və qiymətləndirmə

Avrasiyada nəqliyyat dəhlizləri ətrafında formalaşan yeni geosiyasi rəqabət təkcə ticarət yollarının şaxələndirilməsinə deyil, həm də regional güc balansının yenidən müəyyənləşdirilməsinə zəmin yaradır. Bu prosesdə "Mərkəzi Asiya–Azərbaycan" formatının meydana çıxması Orta Dəhlizin artıq yalnız infrastruktur layihələri ilə deyil, siyasi koordinasiya və institusional əməkdaşlıq mexanizmləri ilə də dəstəklənməyə başladığını göstərir. Xəzərin hər iki sahilini ortaq strateji müstəvidə bir araya gətirən bu yeni struktur Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığa daha dayanıqlı və çoxşaxəli xarakter qazandırır.
Bu transformasiyanın mərkəzində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzun illər ərzində formalaşdırdığı bağlantısallıq vizyonu dayanır. Azərbaycanın yalnız enerji ixracatçısı olan bir ölkə deyil, Avropa ilə Asiya arasında nəqliyyat, logistika və ticarət şəbəkələrini istiqamətləndirən strateji mərkəzə çevrilməsi hədəfi bu gün artıq konkret nəticələr verməyə başlamışdır. Ələt Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Trans-Xəzər daşımalarına yönəlik investisiyalar və Mərkəzi Asiya dövlətləri ilə inkişaf etdirilən institusional tərəfdaşlıqlar bu vizyonun əsas dayaqlarını təşkil edir. Daşkənd Zirvə Görüşündə səsləndirilən ‘‘Mərkəzi Asiya ilə Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkan təşkil edir’’ yanaşması da bu strategiyanın diplomatik səviyyədə bəyan edilməsi xarakteri daşıyır.
Qarşıdakı dövrdə Orta Dəhlizin uğuru yalnız yeni nəqliyyat layihələrinin həyata keçirilməsindən deyil, həm də region ölkələrinin birgə hərəkət etmək qabiliyyətindən, gömrük və logistika proseslərində uyğunluğun artırılmasından və siyasi koordinasiyanın davamlı şəkildə təmin edilməsindən asılı olacaqdır. Bu çərçivədə Azərbaycan coğrafi üstünlüyünü strateji baxış və infrastruktur investisiyaları ilə birləşdirərək Mərkəzi Asiya ilə Avropa arasında bağlantısallığın əsas ölkəsinə çevrilmişdir. Buna görə də ‘‘Mərkəzi Asiya–Azərbaycan’’ formatı yalnız yeni diplomatik platforma deyil, Orta Dəhlizin institusionallaşmasını sürətləndirəcək, Türk Dünyasının geoiqtisadi inteqrasiyasını dərinləşdirəcək və Avrasiyanın yeni bağlantısallıq arxitekturasını formalaşdıracaq strateji təşəbbüs kimi qiymətləndirilməlidir.

Mehmet Gökhan Özçubukçu –
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri –
Beynəlxalq Münasibətlər üzrə mütəxəssis (Türkiyə)
Xüsusi olaraq “Xalq Cəbhəsi” üçün