Rusiya Ərdoğana hara kimi getməyə icazə verəcək? Dünya

Rusiya Ərdoğana hara kimi getməyə icazə verəcək?

"Economist" yazır ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Suriya kürdlərinin Xalq Müdafiə Qüvvələri - YPG-ni Kürdüstan İşçi Partiyası - PKK-nın bir qolu hesab edir. Türkiyə ordusunun PKK ilə son 30 ildəki mübarizəsində 40 min insan həlak olub. Lakin PKK-nı terrorçu təşkilat kimi qəbul edən Qərb YPG haqqında belə düşünmür. Bu böyük problemdir.
ABŞ Suriya kürdlərini və onların YPG birləşmələrini özünün İŞİD-ə qarşı mübarizəsində müttəfiq hesab edir. Ən azı Raqqanın İD-dən geri alınmasında kürd qüvvələri əhəmiyyətli, bəlkə də həlledici rol oynayıb. Lakin kürdlər Türkiyənin cənub sərhədlərini İŞİD cihadçılarından təmizləyəndə bütün dünya rahat nəfəs alsa da, Ankara narahat olmuşdu. Ərdoğan hökuməti iddia edir ki, kürdlər İŞİD-dən daha təhlükəli qüvvədir.
1990-cu illərdə PKK rəhbərliyinə sığınacağı məhz Əsəd hökuməti vermişdi. Əsəd PKK-ya dəstəyini yalnız Ankara Suriyaya hərbi müdaxilə edəcəyi ilə hədələyəndən sonra dayandırmışdı. "Economist" yazır ki, bütün bunlar indiyədək dəfələrlə səsləndirilmiş arqumentlərdir. İndi ən maraqlı sual Rusiyanın Afrin anklavında hərəkət üçün Türkiyəyə nə dərəcədə icazə verəcəyindədir. Məlumdur ki, Rusiya Afrin üzərindəki səmaları Türkiyə təyyarələri üçün açıq elan edib. Amma bu icazənin nə vaxtsa bitəcəyi qaçılmazdır. Bu icazə bitəndən sonra Türkiyə ordusu dayanmalı, bəlkə də geri çəkilməli olacaq. Amma bu həm də kürdlərin müstəqillik arzuları ilə vidalaşması olacaq. Artıq indidən Afrində gedən döyüşlərdə kürd qüvvələrinin müqaviməti artır, Türkiyə tərəfi ağır itkilər verməyə başlayır. Lakin "Economist" yazır ki, irəli getmək heç Ərdoğanın da ürəyindən olmaya bilər.