“Bakı-Daşkənd əlaqələri daha da intensivləşəcək” Gündəm

“Bakı-Daşkənd əlaqələri daha da intensivləşəcək”

“Azərbaycanın həyata keçirdiyi xarici siyasətin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsidir”.

Bu fikirləri politoloq Əli Oruclu “xalqcəbhəsi.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakı həm müxtəlif çoxtərəfli formatlar, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində Mərkəzi Asiyada mövqelərini gücləndirir və bu geostrateji bölgənin əsas oyunçularından birinə çevrilir:

“Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri xüsusi əhəmiyyət daşıyır. Son beş il ərzində iki ölkə arasında əlaqələr sürətlə inkişaf edib və əməkdaşlıq münasibətlərindən müttəfiqlik səviyyəsinə yüksəlib. Özbəkistanın artan iqtisadi potensialı, zəngin resursları və geosiyasi mövqeyi onu beynəlxalq münasibətlər sistemində diqqət mərkəzində olan dövlətlərdən birinə çevirir”.

Politoloq qeyd edib ki, Prezident Şavkat Mirziyoyevin yürütdüyü çoxvektorlu xarici siyasət Özbəkistanın beynəlxalq əlaqələrini genişləndirməsinə və müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmasına imkan yaradıb:

“İslam Kərimovun dönəmində daha qapalı siyasət yürüdən Özbəkistan artıq dünya siyasətində fəal iştirak edən, iqtisadi-ticari əlaqələrini sürətlə genişləndirən və transmilli nəqliyyat-logistika layihələrində mühüm rol oynayan ölkəyə çevrilib. Özbəkistanın Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində Orta Dəhlizin xüsusi əhəmiyyəti var. Bu baxımdan Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağı kimi mövqeyi Daşkənd üçün olduqca vacibdir”.

Ə.Oruclunun sözlərinə görə, Azərbaycan Özbəkistanın beynəlxalq bazarlara çıxışının şaxələndirilməsi və Qərblə iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm tərəfdaşdır:

“Azərbaycanın regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi və qlobal miqyasda artan nüfuzu qardaş Özbəkistanın da maraqlarına cavab verir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun 500 milyon dollarlıq kapitala malik olması isə qarşılıqlı investisiyaların artırılması üçün ciddi stimul yaradır. Bu fond iki ölkənin iqtisadi əməkdaşlığının daha da dərinləşməsinə xidmət edən mühüm mexanizmlərdən biridir”.

Politoloq vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmır:

“Bu gün iki dövlət arasında humanitar, mədəni, təhsil və digər sahələrdən tutmuş strateji istiqamətlərədək geniş əməkdaşlıq mühiti formalaşıb. İşğaldan azad edilmiş ərazilərimizin bərpasında Özbəkistanın göstərdiyi dəstək də iki xalq arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəbin inşa edilməsi bu həmrəyliyin mühüm göstəricilərindəndir”.

Ə.Oruclu hesab edir ki, Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətləri də mühüm rol oynayır:

“Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına mühüm impuls verir. Prezident İlham Əliyevin Özbəkistana son səfəri də iki qardaş ölkə arasındakı münasibətlərin daha da intensivləşəcəyini göstərir. Əminliklə demək olar ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi bundan sonra da həm ikitərəfli, həm də regional və beynəlxalq müstəvidə daha da möhkəmlənəcək”.

Günel Elxan