“Yaxın aylarda Ermənistanın KTMT-də üzvlüyünün dayandırılması ehtimalı yüksək görünmür” Dünya

“Yaxın aylarda Ermənistanın KTMT-də üzvlüyünün dayandırılması ehtimalı yüksək görünmür”

“Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı fikirləri bu təşkilatda ölkənin gələcək təmsilçiliyi ilə bağlı açıq mesajları ehtiva etsə də, zənnimcə bu mövqe yaxın zamanda Ermənistanın bu qurumu tərk edəcəyi anlamına gəlmir. Paşinyanın Qərblə və Avrasiya İqtisadi Birliyi (AİB), habelə KTMT ilə bağlı zaman-zaman fərqli, bəzi hallarda ziddiyyətli fikirlər səsləndirdiyinin şahidi olmuşuq. Aydındır, Paşinyan hökuməti KTMT-də qalmaqda maraqlı görünmür. Ermənistan son illər KTMT-dəki iştirakını faktiki dondurub, təşkilatın büdcəsinə maliyyə töhfələrini dayandırıb və yüksək səviyyəli görüşləri, hərbi təlimləri boykot edib”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Z.Şükürov həmçinin söyləyib ki, KTMT Ermənistanın xaric edilməsi ilə bağlı prosedurlara birtərəfli qaydada start verməyə tələsmir: “Təşkilatın Nizamnaməsinin 20-ci maddəsində bununla bağlı qeyd edilir ki, üzv dövlət bu Nizamnamənin müddəalarına, Şuranın və təşkilatın digər orqanlarının qərarlarına əməl etmədikdə, Şura Təşkilatın orqanlarının fəaliyyətində üzv ölkənin iştirakını dayandıra bilər. Həmçinin üzv dövlət bu öhdəlikləri yerinə yetirməməyə davam edərsə, Şura onu Təşkilatdan çıxarmaq qərarına gələ bilər və bu məsələ üzrə qərarlar həmin ölkənin səsi nəzərə alınmadan qəbul edilir. Məhz bu maddədə qeyd olunan müddəa Ermənistanı təşkilatdan xaric etməyə imkan verə bilər və Ermənistan hökumətinin də əslində gözləntiləri budur. Reallıq isə ondan ibarətdir ki, istər Ermənistan, istərsə də KTMT bununla bağlı birtərəfli qaydada qərar qəbul etməkdə niyyətli görünmür. Təşkilatda aparıcı dövlətlərdən biri olan Rusiya rəsmilərindən də Paşinyanın çıxışından sonra müəyyən fikirlər səsləndirilməsi onu deməyə əsas verir ki, Ermənistan hökumətindən gözləntilər Aİ, AİB və KTMT ilə bağlı konkret qərar qəbul edilməsidir. Hətta xatırlayırıq ki, bir neçə ay öncə AİB üzv ölkələrin rəhbərlərinin birgə bəyanatında Ermənistanda bu məsələ ilə bağlı konkret qərar qəbul olumasına çağırış edilmişdi”.

Deputatın sözlərinə görə, nəzərə alsaq ki, qeyd olunan məsələ ilə bağlı daha çox Rusiya rəsmiləri tərəfindən açıqlamalar verilir, bu baxımdan Ermənistanın KTMT və AİB ilə münasibətləri bu ölkənin Rusiya ilə əlaqələri ilə paralel şəkildə nəzərdən keçirilməlidir: “Hesab etmək olar ki, məhz bu səbəbdən KTMT ilə bağlı birtərəfli qaydada qərar qəbul edilməsinin Rusiya ilə münasibətlərə xələl gətirməsindən ehtiyat edən Paşinyan hökuməti, təşkilatın Nizamnaməsinə uyğun prosedura başlanılmasını daha məqbul variant hesab edir. Digər tərəfdən, Rusiya ilə Ermənistan arasında mövcud iqtisadi əməkdaşlığı da unutmamalıyıq. Baxmayaraq ki, Rusiyaya tətbiq edilən sanksiyalrdan sonra Ermənistanla Rusiya arasında ticarət dövriyyəsində müşahidə edilən əhəmiyyətli artım artıq nəzərə çarpmır və ardıcıl azalma qeydə alınır, habelə Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq edilir, digər tərəfdən müəyyən sahələr üzrə əməkdaşlıqda kəskin azalma sezilmir. Bəzi analitiklər bu prosesi “tam qopma” deyil, daha çox “münasibətlərin yenidən nəzərdən keçirilməsi” kimi xarakterizə edirlər — Rusiya rəsmiləri Ermənistanı hələ də müttəfiq kimi görür, həmçinin siyasi dialoq da dayandırılmayıb”.

O əlavə edib ki, Ermənistan rəsmilərinin bəyanatları əsasında müşahidələr onu deməyə əsas verir ki, hazırda bu ölkə hərbi-siyasi sahədə Rusiyadan uzaqlaşmağa cəhd edir, lakin iqtisadi əlaqələr, o cümlədən AİB çərçivəsindəki üzvlük hələ də davam edir: “Bu baxımdan, yaxın aylarda Ermənistanın KTMT-də üzvlüyünün dayandırılması ilə bağlı istər Ermənistan, istərsə də təşkilat tərəfindən müvafiq qərar qəbul ediləcəyi ehtimalı yüksək görünmür”.

Röya İsrafilova