Polşada məktəb və məsciddə terror aktı planlaşdıran yeniyetmə saxlanılıb Gündəm

Polşada məktəb və məsciddə terror aktı planlaşdıran yeniyetmə saxlanılıb

Polşa xüsusi xidmət orqanları 17 yaşlı yeniyetməni saxlayıblar, o, məktəb və məsciddə terror aktı hazırlamaqda şübhəli bilinir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın Milli Prokurorluğu məlumat yayıb.

"18 sentyabr 2026-cı il tarixində Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Milli Prokurorluğun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya İşləri üzrə Departamentinin Sileziya şöbəsinin prokuroru ilə razılaşdırılmış şəkildə 2009-cu il təvəllüdlü Polşa vətəndaşı Pavel Q.-nı saxlayıblar", - deyə qurumun saytındakı bəyanatda bildirilir. Axtarış zamanı onun üzərindən silah, həmçinin faşist simvolikası olan kitabçalar və paqonlar tapılıb.

Bundan əlavə, prokurorluq dəqiqləşdirir ki, yeniyetmənin sosial şəbəkələrdəki yazışmalarında məktəbə və məscidə hücum planı ilə bağlı müzakirələr aşkar edilib. Gənc mütəşəkkil cinayətkar qruplaşmada iştirak etməkdə, etnik zəmində nifrət yaratmaqda və terror hücumu hazırlamaqda ittiham olunub. Katovitse şəhər Rayon Məhkəməsi yeniyetmə barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. Şübhəli şəxs dindirilmə zamanı təqsirini boynuna almayıb.

Məryəm Quliyeva