Yeni Zelandiya NATO-nun müdafiə bankına qoşulmaqdan imtina edib Dünya

Yeni Zelandiya NATO-nun müdafiə bankına qoşulmaqdan imtina edib

Yeni Zelandiya NATO üzvü olan ölkələrin hərbiləşdirilməsini maliyyələşdirmək üçün Kanadanın rəhbərliyi ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Davamlılıq Bankına (DSRB) qoşulmaq təklifini rədd edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RNZ" radiosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Mövcud məlumatlar göstərir ki, müdafiə sənayesi xüsusi maliyyələşdirmə mexanizminin yaradılmasından daha çox, bazar imkanlarını yaxşılaşdıran tədbirlərdən faydalanacaq", - deyə radiostansiya Yeni Zelandiya nazirliyinin bəyanatından sitat gətirir.

Ölkənin XİN-in qiymətləndirməsinə görə, Yeni Zelandiyanın DSRB-yə üzv olarkən ödəyəcəyi ilkin bədəl təxminən 56 milyon dollar təşkil edir, gələcək xərclər isə daha da arta bilərdi. Qeyd olunur ki, Yeni Zelandiyanın qərarı avqustun sonunda Kanadaya çatdırılıb. Yeni Zelandiya NATO-nun üzvü deyil.

Daha əvvəl bildirilmişdi ki, Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukrayna DSRB-nin təsis edilməsində iştirak etməyə hazır olduqlarını bəyan ediblər. Maliyyə konsorsiumunun mənzil-qərargahı Monrealda yerləşəcək, onun yaradılmasında məqsəd hərbi layihələrin maliyyələşdirilməsinə 134 milyard dollara qədər vəsait cəlb etməkdir.

Məryəm Quliyeva