“Qazprom” Kiyevə əlavə möhlət tanıdı Dünya

“Qazprom” Kiyevə əlavə möhlət tanıdı

Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb. Lakin Ukraynanın "Naftoqaz" şirkəti pul ödəməyib. Bu isə o deməkdir ki, Rusiya Ukraynaya qaz nəqlini dünəndən dayandırılmalı idi.
Xatırladaq ki, iki ölkə arasında əldə olunan razılaşmaya görə, Ukrayna noyabr-dekabr ayları üçün 1,45 milyard dollarlıq qaz pulu borcunu tam, aprel-may ayları üzrə borcun isə 500 milyon dollarını ödəməliydi.
Qeyd edək ki, qaz böhranı ilə bağlı Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli görüşü baş tutmayıb və ötən gün davam etdirilib. Energetika üzrə Avropa komissarının mətbuat katibi Sabine Berger bildirib ki, Avropa Komissiyası üçtərəfli məsləhətləşmələr davam edə-edə Ukraynaya qaz nəqlinin dayandırıla biləcəyini gözləmir.
Avropa komissarı Günter Ettinger bildirib ki, Rusiya və Ukrayna arasında qaz qiymətlərinə dair razılığın əldə olunması üçün bir neçə gün lazımdır.
O da məlum olub ki, Rusiyadan Ukraynaya tədarük olunan qaza görə ilkin ödənişin tətbiq olunma vaxtı iyunun 16-na keçirilib. "BBC"-nin xəbərinə görə, bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller ötən gecə Rusiya və AB nümayəndələrinin görüşündən sonra bəyan edib.
"Rusiya tərəfi son günlər intensiv şəkildə aparılan danışıqların davam etdirilməsi üçün irəli daha bir addım atmağı qərara alıb", deyə o bildirib.