Ermənistanda durum dəyişir: Paşinyanın “yeni atası“ meydanda... Dünya

Ermənistanda durum dəyişir: Paşinyanın “yeni atası“ meydanda...

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 2008-ci il prezident seçkisindən sonra təxminən 10 ili idi ki, kənara çəkilmişdi, nə açıqlama verir, nə də ölkədəki siyasi proseslərə qarışırdı. Deyirdilər ki, hətta ağır xəstəliyə düçar olub və sağlığının hayındadır. Ancaq "xəstə" adlandırılan Levon Ter-Petrosyan Nikol Paşinyan baş nazir olandan bəri rəsmən dirçəlib və keçmiş şagirdinə yol göstərir, nəyi necə etməyi ona dolayı yollarla izah edir. Başqa sözlə, Levon Ter-Petrosyan Paşinyanın xaç atasına çevrilib və şagirdini hər cür təhlükədən qorumağa çalışır.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan mitinq və küçə yürüşləri vasitəsilə Serj Sərkisyanı devirib hakimiyyətə gəldikdən sonra özünün də başı dərdə girdi, hər şəhərdə və az qala hər məhəllədə müxtəlif tələblərlə mitinq və küçə yürüşləri başladı. Bu zaman Levon Ter-Petrosyan açıqlama verərək, bu mitinq və yürüşlərin xaos və anarxiyaya çevrilə biləcəyini dedi:
"Bundan sonra baş nazir Nikol Paşinyan da eyni sözləri təkrarladı. Və ya Dağlıq Qarabağda da bir neçə gündür etirazlar var. Yenə Levon Ter-Petrosyan sinəsini qabağa verərək "etirazların davamı Dağlıq Qarabağ üçün təhlükə yarada bilər, bunu dayandırmaq və sakit şəraitdə müzakirələr aparmaq lazımdır" dedi. Bu dəfə də onun şagirdi müəllimin yolu ilə getdi, oxşar açıqlama verərək Dağlıq Qarabağdakı etirazı danışıqlar yolu ilə yoluna qoyulmasına çağırdı.
Beləliklə, Levon Ter-Petrosyan atalıq qayğısını Paşinyandan əsirgəmir. Bu gedişlə Paşinyan yaxın gələcəkdə parlamentdə çoxluğu necə əldə etməyin yollarını da Levon Ter-Petrosyandan öyrənməyə çalışacaq. Mümkündür ki, Ermənistanda parlament seçkisi öncəsi Levon Ter-Petrosyan özünün lideri olduğu hərəkatı və müttəfiqlərini Nikol Paşinyanın ətrafında birləşməyə çağıracaq.
Levon Ter-Petrosyan vaxtilə Qarabağ separatçılarının – Robert Köçəryanın və Serj Sərkisyanın Ermənistandakı ağalıqları ilə bacarmadı, onları məğlub edə bilmədi, heç olmazsa Nikol Paşinyana dəstək verməklə bu işə son vermək istəyir".