Tiflisi TANAP-da qorxudan nədir? Dünya

Tiflisi TANAP-da qorxudan nədir?

"Gürcüstanın bu addımını daha çox son vaxtlar həyata keçirdiyi rusiyayönümlü siyasətlə əlaqələndirirəm".
Bu sözləri Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Q.Hüseynli TANAP-ın tarixi əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb:
"Bu, təkcə Azərbaycan üçün vacib olan strateji layihə deyil, Gürcüstanın özü üçün də belədir. Çünki Gürcüstan TANAP layihəsi ilə Avropa bazarına çıxmaq üçün yeni imkanlar əldə edəcək. Gürcüstan ərazisi Avropa bazarlarına çıxarılacaq qaz üçün tranzit rolunu oynayır və bundan böyük gəlirlər götürəcək. Gürcüstanın yüksək səviyyədə açılış mərasiminə qatılmaması daxildəki gərginliklərlə də izah edilə bilər. Amma bu, əsassız bəhanədir. Gürcüstan daha çox Rusiya təqiblərinə, təlqinlərinə məruz qalmamaq üçün bu addımı atmış ola bilər".
Q.Hüseynli vurğulayıb ki, Rusiya Cənub Qaz Dəhlizi layihəsinin işə düşməsindən ciddi narahatlıq keçirir:
"İlk vaxtlar yüksək həcmdə qaz nəql edilməsi nəzərdə tutulmasa da, sonradan bu layihənin böyük perspektivi var. Çünki türkmən qazının da bu layihəyə qoşulması kifayət qədər real görünür. Bu nöqteyi-nəzərdən ilk vaxtlar TANAP layihəsi çərçivəsində Avropaya çıxarılan qaz Avropada qaza olan tələbatın 2-3%-ni təşkil etsə də, Şahdəniz-2-nin işə düşməsi ilə 2019-cu ildə bu rəqəm artıq 10% təşkil edəcək. Trans-Xəzər-Türkmən qaz layihəsinin çəkilməsi üçün lazım olan vəsaitin də tapıldığını da nəzərə alsaq, Türkmənistanın da bu layihəyə qoşulması ilə Avropa bazarlarında tələbatın 25-30%-i həcmində qaz TANAP layihəsi çərçivəsində ötürüləcək. Bununla da Azərbaycan qazı Rusiyanın Avropaya göndərdiyi qaza ciddi və qarşısıalınmaz alternativ rolunu oynayacaq. Bu səbəbdən də Rusiya artıq TANAP layihəsinə qısqanclıq nümayiş etdirməyə başlayıb. Gürcüstanı müəyyən qədər təzyiqlərə salmağa nail olub, İtaliyada rusiyayönümlü hakimiyyət iqtidara gəlib".
Politoloqun sözlərinə görə, bu gün Azərbaycan qazına tələbat kifayət qədər böyükdür:
"Azərbaycan qazını almaq istəyən dövlətlərin sayı da kifayət qədər çoxdur. Sadəcə olaraq, marşrutlar dəyişə, əvvəlki layihələrə qismən dəyişikliklər edilə bilər. Amma bütövlükdə bu kəmərin işə salınmasının qarşısını almaq mümkün olmayacaq. Tarixi bir layihəni gerçəkləşdirməklə, Azərbaycan Avropa bazarında artıq xüsusi çəkiyə malik oldu. Bu layihə büdcə gəlirlərinin artmasında da ciddi rol oyanayacaq. Gürcüstanın bu cür tarixi tədbirə soyuq yanaşması təəccüb edilən və özünə zərərli bir addımdır".
Qeyd edək ki, dünən TANAP-ın açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bolqarıstan Baş naziri Boyko Borisov, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, BP rəhbəri Robert Dadli qatılıb. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimə dəvət edilsə də, gəlməyib. Ümumiyyətlə, mərasimə Gürcüstandan yalnız səfir İrakli Koplatadze qatılıb.
Millət vəkili Asim Mollazadə isə deyib ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi TANAP layihəsi Avropada enerji təhlükəsizliyinin və bölgədə sabitliyin təməlini qoydu.
Millət vəkili qeyd edib ki, TANAP gələcək enerji təhlükəsizliyi məsələlərinin həllində mühüm infrastruktur layihəsidir:
"TANAP strateji önəm daşıyan bir layihədir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi TANAP layihəsi Avropada enerji təhlükəsizliyinin və bölgədə sabitliyin təməlini qoydu. Ümumi investisiya dəyəri 40 milyard dolları məbləğində qiymətləndirilən TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir. Nəticədə böyük bir bölgənin enerji təhlükəsizliyi təmin olunacaq. Əminəm ki, digər regionlar gələcəkdə TANAP və TAP layihəsinin imkanlarından istifadə edəcəklər. Çünki TANAP-ın reallaşması digər ölkələr üçün gözəl imkanlar yaradır. Bu isə özlüyündə Azərbaycan və Türkiyənin gələcək inkişafına əlverişli zəmin yaradır. Layihələrin həyata keçirilməsi düşünülmüş siyasətin nəticəsidir".
Millət vəkili TANAP-ın ardınca TAP layihəsinin də uğurla həyata keçiriləcəyini ifadə edib:
"Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. Bunlar "Şahdəniz-2" qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsidir. Azərbaycan və Türkiyə bu istiqamətdə öz işlərini davam etdirir. Layihədə iştirak edən Avropa şirkətləri kəmərin tezliklə yekunlaşmasını istəyir. Bu dörd layihənin üçü artıq yekunlaşıb, TAP isə bitmək üzrədir. Ümumiyyətlə, TAP layihəsi də tamamlandıqdan sonra Cənub Qaz Dəhlizi tamamilə icra edilmiş olacaq ki, bu tarixi uğur nəticəsində də Azərbaycanın beynəlxalq enerji bazarlarında nüfuzu qalxacaq".