Diktatorlara Suriya dərsi, yaxud, Əsədin “Pirr qələbəsi”... Dünya

Diktatorlara Suriya dərsi, yaxud, Əsədin “Pirr qələbəsi”...

Suriyadakı rejimin başçısı Bəşər Əsəd ölkəsində gedən müharibəni udsa, bu, məğlubiyyətə bərabər "Pirr qələbəsi" olacaq.
Bunu açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Politoloq onun dağılmış bir ölkənin başçısı olduğunu deyib:
"Bəşər Əsəd indən sonra heç nə qazana bilməz. Suriya tamamilə dağılıb, xaraba qalıb. Əsəd ABŞ-ın Suriyada hərbi bazalarının sayını artırmasının, İranın öz ölkəsində at oynatmasının qarşısını ala bilmir. PKK və PYD kimi terror təşkilatları da ölkənin bir hissəsinə nəzarəti ələ keçirib. Əsəd atasının heykəllərin dağıdılanda, Suriya xarabalığa çevriləndə uduzdu. Daha doğrusu, o, Suriyanı xaraba qoydu, ölkənin bir hissəsində terrorçuların nəzarəti ələ keçirməsinə, 3 milyondan çox suriyalının ölkəsindən getməsinə səbəb oldu. Əsəd həmçinin on minlərlə insanın ölümünə bais oldu. Bu vəziyyətdə Bəşər Əsədin hansı qələbəsindən söhbət gedə bilər.
Bəşər Əsədin siyasi gələcəyi də məlum deyil. Buna görə də Əsədin indən sonra qələbə qazanması mümkün deyil. O, sadəcə olaraq, Rusiya və İranın köməyi ilə bir sıra ərazilərə nəzarəti həyata keçirir. Bəşər Əsədin özünün böyük qüvvəsi yoxdur. Əgər Əsədin qüvvəsi var idisə, niyə Rusiya və İran Suriyada baş qaldırırdı?"
Sədrəddin Soltan hesab edir ki, Suriyadakı müharibənin qalibi yoxdur: "Bu savaşın ağır və acı nəticələri var. Bu da özünü başqa dövlətlərdə avtoritar rejimin başçısı kimi aparanlara dərsdir, mesajdır. Liviyanı da, İraqı da həmin diktatorlar xaraba qoydular. İndi Suriya bu gündədir".
Qeyd edək ki, ölkənin 60 %-dən çoxuna nəzarəti həyata keçirən Bəşər Əsəd ordusu Dəra bölgəsinə də nəzarəti bərpa edib.