“Bir neçə il əvvəl düşünürdük ki…” Dünya

“Bir neçə il əvvəl düşünürdük ki…”

General Ben Hoces: "Rusiya bizim hamımız üçün tərəfdaşdır"

"Rusiya 500 ildir gücə hörmət edir". Bunu Gürcüstanın STV televiziyasına müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının keçmiş rəhbəri general Ben Hoces deyib.
"Biz bir neçə il əvvəl düşünürdük ki, Rusiya bizim hamımız üçün tərəfdaşdır. Xatırlayırsınızsa, sülh dividenti mövcud idi və Rusiya hərbçiləri bizimlə birgə Bosniyada xidmət edirdi. Biz sonradan ciddi şəkildə Avropada yerləşən hərbi qüvvələrimizi azaltdıq. Daha sonra diqqətimizi İraq və Əfqanıstana yönəltdik. Bu, böyük yanlışlıq idi. Biz Rusiyanın özünü bu cür aqressiv aparmasına təəccüblənməməliyik. Bu, Rusiya tarixi ilə əlaqədardır. Məncə, son 500 ildə Rusiya yalnız gücə hörmət edib. Onlar hər zaman bizim hazır olmadığımızı görən kimi bundan istifadə etməyə çalışırlar", – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Qərb arasında Soyuq müharibə vəziyyəti mövcud deyil:
"Soyuq müharibə zamanında mən leytenant idim. Mənim yaşda və ya məndən bir qədər kiçik olan bütün insanlar Soyuq müharibə barədə təsəvvürlərə malikdirlər. İndi bizim etdiklərimizi Soyuq müharibəyə aid etmək doğru olmazdı. Məncə, Rusiya üçün "müharibə vəziyyəti" və ya "qeyri-müharibə vəziyyəti" adlı anlayış yoxdur. Rusiya hər zaman müharibə vəziyyətindədir, amma bu, mütləq silah istifadəsiylə olan kinetik müharibə olmalıdır anlayışı demək deyil".
O, Rusiyanın Qərblə imzalanan heç bir razılaşmaya əməl etmədiyini də bildirib:
"Siz Putinin Krımda rus əsgərlərinin olmadığını deməsi, sonradan isə gülərək bunu təkzib etməsini xatırlayırsınızmı? Bismark 19-cu əsrdə deyirdi ki, Rusiya ilə heç bir razılaşma kağız üzərində olduğu kimi qalmır. Onlar hər şeyi elə edirlər ki, məntiqli danışıqlar aparmaq çətin olur. Lakin biz danışıqlar aparmağa məcburuq. Rusiya böyük ölkədir və o, beynəlxalq ictimaiyyətin müxtəlif məsələlərdə vacib tərəfdaşı ola bilərdi.
Hazırda Rusiyanın təhlükəsizlik səddi Norveçdən Türkiyəyə qədər olan sərhədidir. ABŞ hətta bu ərazilərdən öz tanklarını da çəkib. 1944-cü ildən bu yana Avropada bir ABŞ tankı belə olmayıb. Rusiyanın Gürcüstan və sonra da Ukraynaya hərbi müdaxiləsi bizi bu hərbi texnikanı geri göndərməyə məcbur etdi. Hazırda bu tankların sayı 88 ədəddir və onlar Rusiyaya heç bir təhdid yaratmır. Əksinə, Rusiya özü ABŞ və NATO üçün təhdid yaradır. Onlar təkcə hərbi qüvvədən yox, kiberhücumlardan, informasiya savaşlarından və digərlərindən istifadə edərək, alyansı parçalamağa çalışırlar. Bununla da çalışırlar ki, biz öz institutlarımıza, seçki prosesimizə, ənənələrimizə, azad KİV-lərimizə etibarı itirək. Bu, Rusiyanın NATO-nun və AB-nin birliyini dağıtmaq üçün daimi istifadə etdiyi vasitələrdir".