“Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır” Dünya

“Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır”

Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı –red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacaq.
Xarici mediaya istinadən xəbər veririk ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
"Kürdlərin mövqelərinə hücum edəcəkləri halda, biz Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. İyirmi mil enində təhlükəsizlik zonasını yaratmaq lazımdır. Eyni zamanda mən istəmirəm ki, kürdlər Türkiyəni, Suriyanı, Rusiyanı və ya İranı təhrik etsinlər. Onlar İŞİD-in dağıdılmasına ən böyük töhfə verdilər. Biz bunun üçün onlara minnətdarıq, amma indi qoşunları evə qaytarmaq lazımdır", - Amerika prezidenti yazıb.
Yanvarın 11-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Amerika qoşunlarının çıxarılmasından sonra Suriya kürdləri çox çətin vəziyyətdə olacaqlar. Onun sözlərinə görə, Vaşinqton kürdlərə hücum etməyəcəyi barədə Ankaranın zəmanət verməsinə bel bağlayır.
Amerika məmurlarına istinadən "Reyters" agentliyi ötən ilin dekabrın sonunda yazırdı ki, ABŞ-ın hərbi komandanlığı Ağ Ev üçün tövsiyələr hazırlayır. Tövsiyələr qəbul olunarsa, kürd qruplaşmaları Birləşmiş Ştatlardan zirehli texnika, minaatanlar və tank əlehyinə raket kompleksləri ala bilərlər.
Qeyd edək ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesinə yanvarın 11-də başlanılıb. ABŞ Prezidenti Donald Tramp 2018-ci il dekabrın ortalarında Suriyada İŞİD üzərində qələbəni elan edib və bildirib ki, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi.
Türkiyə isə hazırda Suriyanın şimalında terror təşkilatlarına qarşı əməliyyata hazırlaşır.
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın isə jurnalistlərə açıqlamasında deyib ki, türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır
Onun sözlərinə görə, kürdləri ABŞ-ın terror təşkilatları siyahısında olan PKK və onun Suriya filialı olan YPG ilə müqayisə etmək böyük səhvdir:
"Türkiyə kürdlərlə yox, terrorçularla mübarizə aparır. Biz kürdləri və digər suriyalıları bütün terror təhdidlərindən qoruyacağıq. ABŞ-ı straterji tərəfdaşlığımıza hörmət etməyə çağırırıq. İŞİD-in PKK və YPG ilə heç bir fərqi yoxdur. Biz onlarla mübarizəni davam etdirəcəyik".
Onu da qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıqlar böyük ölçüdə tamamlanıb.
"Yeni Şəfəq" nəşri xəbər verir ki, 80 min hərbçi hücum əmrini gözləyir.
Bu rəqəm, 1974-cü ildə Kipr əməliyyatında iştirak edən hərbi qüvvədən iki dəfə çoxdur. Türkiyə Cümhuriyyəti tarixində ən böyük əməliyyat Şanlıurfa və Kilis vilayətlərindən idarə olunacaq. "Mehmetcik" eyni anda 10-dan çox nöqtədən hücuma keçəcək.
Hədəf təxminən 30 min kvadrat kilometr ərazini terror təşkilatlarından təmizləyərək "terror dəhlizi" təhdidini tamamilə aradan qaldırmaqdır.