“Tehran Paşinyana kifayət qədər dəstək verəcək” Dünya

“Tehran Paşinyana kifayət qədər dəstək verəcək”

"İranın Ermənistanla əlaqələrinin inkişaf etdirməsi, strateji yaxınlaşma kursu yeni mərhələyə keçir. İki ölkə arasında hərbi -texniki əməkdaşlıq barədə müqavilə imzalanması gözlənilir. Məhz Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 17-də İrana gözlənilən səfərində İranala hərbi-texniki əməkdaşlıq sazişi bağlanması planlaşdırılır".
Bunu qəzetimizə aşıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, bu gün İranın Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirməsi Azərbaycana qarşı işğalı dəstəkləmək deməkdir:"Paşinyan çalışır ki, Moskva-İrəvan-Tehran formatı yaradıb, maksimum şəkildə Türkiyə və Azərbaycan qarşısında mövqeyini gücləndirsin. Məhz Gürcüstanla danışıqları, Abxaziya yolunun açılmasının gündəmə gəlməsi bu planın tərkib hissəsidir. Paşinyanın bu siyasəti Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ona "Türkiyə və Azərbaycanla əlaqələri normallaşdır" mesajının əksinə gedərək, bir növ Vaşinqtonun planlarına qarşı çıxır. Bolton Paşinyanın İrana yaxınlaşmasını bağışlamayacaq. Artıq Vaşinqtondan da cavab gecikmədi. ABŞ Ermənistanı Suriyaya əsgər göndərməsinə, Rusiya və İranla işbirliyinə görə tənqid etdi. Təbii ki, baş verənlər ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni fürsət yaradır".
Siyasi şərhçi bildirib ki, Anakara və Bakı Ermənistana qarşı blokada siyasəti həyata keçirir. İran isə iki müsəlman ölkənin iradəsinə zidd olaraq Ermənistanı tam dəstəkləyir:
"Üstəlik, hərbi-texniki əməkdaşlıq təklif edir. Qeyd edim ki, bu gün Moskva-Tehran-İrəvan oxu regionda işğalı davam etdirir və bu işğalın aradan qaldırlmaması üçün Ermənistana hər cür dəstək verir. İranın Ermənistanı dəstəkləməsinə Güney Azərbaycandan olan millət vəkilləri etiraz etməlidir. İran-Ermənistan əlaqələrinin inkiaşfı yalnız regionda işğalın davam etməsinə hesablanıb".
M.Əsədullazadə onu da bildirib ki, Paşinyan İrana gözlənilən səfəri öncəsi Suriyaya əsgəri qüvvə göndərməklə, İranla birgə olduğunu və Tehranda danışıqlarda maksimum nəticələr əldə etməyi planlaşdırır:
"Rəsmi Tehran Paşinyana bu danışıqlarda kifayət qədər dəstək verəcək. İran da Paşinyanla sıx əməkdaşlıqda maraqlıdır. Çünki ABŞ-ın Ermənistanda mövqeyinin zəiflədilməsi üçün Paşinyana siyasi-iqtisadi və hərbi dəstək sözü verəcək. Hesab edirəm ki, Paşinyanın İrana səfərində Rusiya da maraqlıdır. Hər iki ölkə Ermənistanda Qərbin rolunun artmasından narahatdır. Hazırda ABŞ-la İran arasında davam edən siyasi-iqtisadi qarşıdurma fonunda Paşinyanın İrana səfəri Vaşinqtonın Ermənistana etimadını azaldacaq. Bu addım Vaşinqtonun maliyyə yardımlarının kəskin azalmasına da gətirə bilər".
Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Suriyadakı erməni hərbi missiyası ilə bağlı bəyanatına cavab verib.
Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan Dövlət Departamentinin müvafiq bəyanatına münasibət bildirib.
XİN rəsmisi Ermənistanın Suriyaya göndərdiyi hərbi missiyanın humanitar məqsədli olduğunu deyib:
"Bu missiya yalnız humanitar xarakter daşıyır və beynəlxalq humanitar qanunlarla tənzimlənir. Missiyanın fəaliyyəti humanitar yardımlar göstərən strukturlar və beynəlxalq tərəfdaşlarla əlaqələndiriləcək".
Anna Nağdalyan ABŞ-ın məsələ barədə ittihamlarını qəbul etmədiklərini də diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbi missiya göndərməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatda rəsmi Vaşinqtonun Ermənistan rəhbərliyinin bu addımını dəstəkləmədiyi bildirilib. Bu, Rusiya və Ermənistan arasıda əldə edilmiş hərbi anlaşma kimi xarakterizə olunub.