“Əgər nüvə silahına sahib olmaqdan əl çəkməsələr…” Dünya

“Əgər nüvə silahına sahib olmaqdan əl çəkməsələr…”

10 may

İran çox təhdidedici davranırdı.Biz İran məsələsində bilmək istəmədiyimiz şeyləri bilirik, bu səbəbdən ölkəmizi qorumaq üçün tədbirlər görməliyik.

Bunu Ağ Evdə keçirilən tədbirdə çıxış edən ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, İran rəsmiləri onunla əlaqə saxlamalıdır:“ABŞ-la İran arasında hərbi qarşıdurma barədə hər zaman danışa bilərsiniz. Buna “xeyr” demək istəmərəm, amma ümid edirəm belə bir şey olmayacaq”.

Tramp iranlı rəsmilərin onunla danışmaq istədiyini, ancaq keçmiş dövlət katibi Con Kerrinin iranlılara “Trampla danışmamaları gərəkdiyini” söylədiyini deyib. Tramp bildirib ki, rəsmi vəzifəsi olmadığı halda Kerrinin bu sözlərindən dolayı mühakimə edilməsi lazımdır.

Trampın sözlərinə görə, Tehranıa nüvə razılaşmasından ayrılandan sonra İran iqtisadiyyatı olduqca pisləşib: “İndi İranın etməsi lazım olan şey budur: Mənə zəng vursunlar, oturub danışaq və ədalətli razılaşma əldə edək. Nüvə silahına sahib olmalarını istəmirik.İstədiyimiz şey çox deyil.Bu, onları yenidən yaxşı bir mövqeyə gətirə bilər.İrana zərər vermək istəmirik”.

Tramp onu da qeyd edib ki, rəsmi Tehran ABŞ-ın razılıq verdiyi sazişə imza atacağı təqdirdə İrana iqtisadi yardım etməyə hazırdır.ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton isə Mərkəzi Kəşfiyyat İdarəsində yüksək vəzifəli şəxslər, kəşfiyyat əməkdaşları, diplomatlar, o cümlədən hərbi rəislərlə İranla bağlı iclas keçirib.Bu məlumatı NBC yayıb. Məlumata görə, görüş aprelin 29-u yerli vaxtla saat 07:00-da baş tutub.Televiziya adətən belə iclasların MKİ qərargahında yox, Ağ Evdə keçirilməsiylə bağlı xüsusi qeyd də verib.

Qeyd edək ki, bundan öncə ABŞ İran sahillərinə “Avram Linkoln” təyyarədaşıyan gəmisini göndərib.Dünən isə Qətərə B-52 bombardmançı təyyarələri yerləşdirilib.

ABŞ Dövlət katibi Mayk Pompeo isə deyib ki, ABŞ və müttəfiqləri İranla müharibəyə çalışmır, amma İranın hücumu zamanı ona sürətli, eləcə də qəti cavab verməyə hazırdırlar.

“ABŞ və tərəfdaşlarının İrana cavabı aydındır. Biz müharibəyə çalışmırıq, amma 40 il ərzində ABŞ əsgərlərinin İran tərəfindən öldürülməsi, ABŞ obyektlərinə hücumlar, ABŞ əsgərlərinin ələ keçirilməsi bizə müdafiə olunmağımızla bağlı daimi xatırlatmadır. Bizim İrana hərbi cavab məsələsində səbirli olmağımız İran tərəfindən qətiyyətin olmaması kimi qəbul edilməməlidir”, – deyə o bildirib.