“Böyük Qayıdış tarixi ədalətin təntənəsidir”
5 İyun 18:36

Ukrayna prezidenti Vladimir Zelinski Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin eks qubernatoru, Mixail Saakaşvilinin vətəndaşlığını qaytarması ölkədə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Saakaşvilinin vətəndaşlığı Poroşenko dövründə ləğv edilmişdi. Bundan sonra isə o, ölkədən qovulmuşdu.
Ukraynanın eks-prezidenti Leonid Kravçuk “112 Ukrayna” televiziyasına açıqlamasında deyib ki, Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığının qaytarılması Zelenski üçün ədalət məsələsi idi.
O, Saakaşviliyə Ukrayna vətəndaşlığının verilməsi və alınmasının Ukraynanın milli maraqları ilə heç bir bağlılığı olmadığını və bu addımın yalnız Poroşenkonun şəxsi maraqlarına aid olduğunu bildirib.
Kravçuk həmçinin Saakaşvilinin Ukraynada vəzifə alacağına şübhə ilə yanaşdığını deyib:
“Prezident gərək öz torpağı və vətənində çalışsın. O, başqa ölkəyə köçəndə istəsə də, istəməsə də miqranta çevrilir. Ona görə də Saakaşvilinin Ukraynada yüksək vəzifəyə iddia edəcəyini düşünmürəm”.
Ukraynanın baş prokuroru Yuri Luçenko isə Feysbuk səhifəsində Mixail Saakaşvilini satqın adlandırıb.
O, Saakaşviliyə qarşı əvvəl mövcud olan ittihamların ortadan qaldırılmadığını deyib.
Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze “Maestro” televiziyasına müsahibəsində bildirib ki, Ukrayna hakimiyyətinə Mixail Saakaşvilini heç bir vəzifəyə təyin etməməyi məsləhət görürük.
“Ukrayna bizim tarixi dostumuzdur. Saakaşvilinin Ukraynaya qayıtması ölkələr arasındakı münasibətlərə təsir etməməlidir. Ukraynalı dostlarımıza məsləhət görərdim ki, Saakaşviliyə heç bir vəzifə verməsinlər. Biz əvvəlki dövrlərdə belə qərarın qəbulunun nə ilə nəticələndiyini bilirik”, – deyə o bildirib.
Onu da qeyd edək ki, Saakaşvili Poroşenko dövründə oliqarx Sergey Kurçenkodan pul alaraq, dövlət çevrilişi hazırlamaqda ittiham edilmişdi.
Zelinskinin neçə vaxtdır Ukraynadan didərgin düşən Saakaşviliyə jest etməsinin arxasında hansı məqamlar dayanır? Saakaşvilinin yenidən Ukraynaya qayıtması nə kimi müsbət nəticələr vəd edir? Bu suallarla yerli ekspertlərə müraciət etdik.
Ekspert Kamran Sultanlı qəzetimizə açıqlamasında bildirib ki, hələ Zelinskinin prezident kampaniyasında, Saakaşvili Zelinskiyə dəstək çıxıb və onun qalib gələcəyinə inandığını qeyd edib. Zelinskidə öz növbəsində Saakaşvili kimi siyasətçi ilə işləməyin hər bir siyasətçi üçün böyük uğur kimi dəyərləndirib. Zelinski çıxışlarının birində Saakaşvilinin korrupsiyaya qarşı təcrübələrindən yararlanmağın faydalarından bəhs edib: “Zənnimcə, burada əsas məsələ məhz Saakaşvilinin korrupsiyaya qarşı mübarizə təcrübəsindən faydalanmaq ola bilər. Zelinskinin əsas donoru hesab edilən yəhudi əsilli Kolouminskinin Saakaşvili ilə araları soyuqdur. Zelinskinin əsas maliyyə dəstəkçisinin Saakaşvilinin geri qayıtmasına neqativ yanaşacağı gözlənilirdi. Zelinski bu qərarı ilə göstərməyə çalışdı ki, Kolouminskidən asılı deyil. Həmçinin Zelinskinin qarşısında əsas məsələ, korrupsiya ilə mübarizədir. Zənnimcə, o bu istiqamətdə Saakaşviliyə şans verə bilər. Hətta ona hansısa vəzifənin də veriləcəyi ehtimallarının çox olduğunu düşünürəm. Saakaşvilinin Ukraynada hörməti çox olsa da,onun siyasi səhnədə ciddi uğur qazana biləcəyini zənn etmirəm. Saakaşvilinin Ukraynaya qayıtması həmçinin Zelinskinin Putinə cavabıdır. Çünki Putin mətbuat konfransında çıxışında Zelinskinin Saakaşvilinin vətəndaşlığının qaytarılması istiqamətində, Ukrayna liderinə ismarıc ünvanlamışdı. Təbii ki, bu qayıdışdan Moskva da razı qalmayacaq. Moskvaya Ukraynada güclü və uğurlu hakimiyyət lazım deyil. Saakaşvilinin Ukraynaya qayıdışı, Gürcüstan siyasi səhnəsində də ciddi rezonans doğuracaq. Son dövrlər Gürcüstanda müxalifətlə iqtidar arasında gərginlik artır. Əvvəldə qeyd etdiyim kimi, İvanaşvilinin Gürcüstanda əsas rəqibi Saakaşvilinin qalan reytinqidir. Xüsusilə Azərbaycana qarşı təxribatcı gedişlər, Gürcüstan azərbaycanlılarının Saakaşvili fenomeninə olan inamını qaytaracaq. Lakin Qərb özü hazırda Saakaşvilinin postsovet məkanında aktiv siyasətə qayıdışına maraqlı deyil. Qərb Rusiya ilə konfrontasiya səbəb olacaq heç bir liderin hakimiyyətə gəlməsini istəmir. Bu, hələlik Qərbə lazım deyil”.
Digər bir ekspert Zeynal Əmrəliyev isə açıqlamasında bildirib ki, Ukrayna ən çox prezident dəyişən ölkələrdəndir:”Zelinskidən öncə istər Viktor Yuşşenko, istərsə də Petro Poroşenko ikinci müddət üçün seçilə bilmədilər.Viktor Yanukoviç isə ümumiyyətlə, heç birinci səlahiyyət müddəti başa çatmamış devrildi. Zelinski başa düşür ki, verdiyi vədlərə əməl etməsə, ikinci müddətdə seçilə bilməyəcək və o da sələfləri kimi Ukrayna tarixinə uğursuz prezident kimi düşəcək. Buna görə də Zelinski seçkidən öncə dediyi islahatları həyata keçirməlidir. Bunun üçün onun qarşısında mane kimi iki şəxs durur. Real gücü əlində saxlayan daxili işlər naziri Arsen Avakov və milyarder İqor Kolouminski. Hər ikisinin Saakavşili ilə münasibətləri pisdir. Zelinski də yaxşı bilir ki, ölkəyə dönən Saakavşili həm Avakovu, həm Kolouminskini yenidən sərt tənqid edəcək. Xüsusilə siyasi həyatın belə aktiv olduğu parlament seçkiləri öncəsi. Aydın məsələdir ki, Ukraynada əksər siyasətçilər parlament seçkilərinə oynayır. Prezident seçkilərində hər zaman çoxsaylı namizədlərin olması da ona görədir. Namizədlərin çoxu bilir ki, onlar prezident seçilməyəcək. Ancaq prezidentliyə iddialı olub özünü cəmiyyətə tanıdıb parlamentə düşmək istəyirlər. Məqsəd daha çox budur. Zənnimcə, Zelinskinin məqsədi Saakavşilini Ali Radaya üzv etməkdir. Böyük ehtimal ki, Saakavşili Ukrayna Ali Radasının deputatı da seçiləcək. Daha bir ehtimal isə onun Ali Radanın sədr müavini və ya sədri kimi vəzifələrə seçilərək parlament rəhbərliyində təmsil olunmasıdır. Təbii ki, çoxluq razı olsa. Ancaq Zelinskinin başı sonradan Saakavşili ilə dərdə girə bilər. Ona görə prezident onun köməyi ilə rəqiblərini zəflədib məhv etdikdən sonra Saakavşilini də oyundan kənar edəcək. Ancaq o deputat seçilsə, bu bir qədər çətin ola bilər. Çünki deputat toxunulmazlığı olacaq. Hər zaman qalmaqallı və maraqlı prosseslərə səhnə olan Ukrayna siyasəti yenə də öz ahəngindədir. Hadisələrin sonrakı mərhələsini isə zaman göstərəcək”.
Ekspert Rufis Məmmədovun fikrincə isə, əslində olduqca yerində verilən bir qərar oldu:”Çünki Mixail Saakaşvilinin Ukraynada leyhdarları olduqca çoxdur. Bununla da Vladimir ölkədəki Saakaşvili sevərlərin də rəğbətini qazanmış olacaq. Bundan əlavə Ukrayna hökuməti demokratiya yolunda mühüm addımlar atmaqla yanaşı Rusiya ilə də mübarizə şəraitində fəaliyyət göstərir. Bu mənada Saakaşvilinin təcrübəsindən yararlanmaq istəyəcəklər. Saakaşviliyə hər hansı mühüm vəzifənin verilməsini də istisna etmirəm. Düşünürəm ki, Saakaşvilinin vətəndaşlığının bərpası məhz Rusiya amili ilə bağlıdır.
Mixail Saakaşvili ötən ay da Ukraynaya qayıdacağını bəyan etmişdi. Lakin bir şərtlə ki, Zelenski qalib gəlsin. Əslində bu da başa düşüləndir. Çünki keçmiş qubernatoru ölkədən deportasiya edən məhz Poroşenko idi. Bu mənada Zelenskinin qalıb gəlməsi Saakaşvili üçün də yeganə çıxış yolu idi”.
Ekspert düşünür ki, Mixail Saakaşvili gəldikdən sonra xarici siyasətdə mühüm dəyişikliklər olacaq. Daha dəqiq, Rusiya ilə mübarizədə bir təsir rıçaqı əldə etmiş olacaq. Bu isə ilhaq edilmiş ərazilər uğrunda mübarizədə Zelenskini daha arxayın edə bilər: “Lakin düşünmürəm ki, bütün bunlar Rusiyanın həmin əraziləri geri qaytaracağı mənasına gəlir. Bunu Ukrayna hökuməti də yaxşı başa düşür. Zelenskinin bu qərarı ilə sağ kəsimin də dəstəyini bütünlükdə qazana bilər. Çünki Zelenski həm kampaniyası, həm də andiçmə zamanı ilhaq edilmiş əraziləri geri qaytarmağa cəhd edəcəyini dilə gətirib. Amma bunu söz vermədi. Təbii ki, belə bir söz vermək reallıqdan kənardır. İstənilən halda Saakaşvili amili bu və ya bu kimi məsələlərdə öz sözünü deyəcək”.