“Gürcü Arzusu” xalqa verdiyi sözü tutmadı Dünya

“Gürcü Arzusu” xalqa verdiyi sözü tutmadı

“Gürcüstanda normal siyasi proseslər gedir, bunun adı nə inqilabdır, nə çevriliş, nə də xaos”.
Bu sözləri politoloq Natiq Cəfərli Gürcüstanda baş verən aksiyalar haqqında danışarkən deyib.
O bildirib ki, “Gürcü Arzusu” Partiyası xalqa verdiyi sözü tutmadı və bu, xalqı küçələrə çıxaran səbəb oldu: “Hakim “Gürcü Arzusu” Partiyası əvvəl söz vermişdi ki, ölkə tam proporsional seçki sisteminə keçəcək, özü də partiyalar üçün keçid barajı olmadan seçkilər təşkil ediləcək. Bununla bağlı qanun layihəsi parlamentə gələnə qədər hakim partiya fikrindən vaz keçdi - apardığı rəy sorğuları və xarici oyunçuların təsiri məsələsi bu qərarda əsas rol oynadı. Yeni seçki sisteminə keçidlə bağlı qanun qəbul edilmədi deyə, müxalifət, hətta hakim partiyaya yaxın təşkilatlar da insanları etiraza səslədi və bir neçə gündür ki, Tiflisdə dinc aksiyalar davam edir, çox güman ortaq məxrəc tapılacaq, çünki Gürcüstan artıq demokratik ölkədir, seçkilərdə səs oğurluğu yoxdur”.
N.Cəfərli hakim partiyanın fikrini dəyişməsinin 3 səbəbinin olduğunu bildirib: “Birincisi, “Gürcü Arzusu” daha çox koalisiyadır. Barajsız proporsional sistem olsa, koalisiyadakı bəzi partiyalar təkbaşına seçkiyə gedib özü mandat qazanmağa çalışacaq və sonda hakim partiya ilə daha yüksək statusda koalisiya qurub nazir portfelləri qazanmaq istəyəcək. İkincisi, barajsız seçki xarici, əsasən də Rusiyanın müdaxilə imkanlarını artırır - rusiyapərəst partiyalar bir neçə mandat qazanmaqla parlamentdə güclü oyunçulara, hətta bloklayıcı azlığa çevrilə bilər. Üçüncüsü, seçki etnik, hətta subetnik partiyaların yaranmasına səbəb ola bilər. Bu isə Gürcüstan üçün təhlükəli etnik zəmin yarada bilər və bundan ən çox erməni əsilli Gürcüstan vətəndaşları yararlanacaq - onların daha mütəşəkkil və siyasi olmaları həmin etnik partiyanı həlledici mövqeyə gətirə bilər”.
Ekspert müxalifətin istəkləri haqqında da danışıb: “Müxalifət yekcins deyil, istəklər müxtəlifdir. Amma əsas hədəf seçkidə hakim partiyanın hökumət qura biləcək qədər səs almamasıdır. Bu zaman hər bir partiyanın (bir neçə partiyanın) koalisiya qurmaq şansı yaranacaq. Özü də ya hakim partiya ilə, ya da öz aralarında belə koalisiya yarana bilər. Amma indiki məqamda müxalifət daha dar, hakim partiya isə daha geniş düşünməyə çalışır. Məncə, sonda anlaşıb 3%-lik baraj müəyyən etməklə proporsional seçkini bərpa edəcəklər”.
Qeyd edək ki, Gürcüstan parlamenti seçki qanunvericiliyi ilə bağlı konstitusion düzəlişləri qəbul etməyib. Nəticədə ölkədə mitinqlərə start verilib.