Qərbdə Paşinyana ciddi yanaşmırlar Dünya

Qərbdə Paşinyana ciddi yanaşmırlar

Ermənistanın Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sərkisyana hələ əl vurmurdu, əsas hədəf sabiq prezident Robert Köçəryan idi. Köçəryanın Ermənistan siyasətinə təsiri Sərkisyandan daha çoxdur. Sərkisyan hakimiyyəti çox asanlıqla əldən verib, Köçəryansa Qarabağ klanı və post nomenklaturanın içərisində reytinqini saxlayıb. Birdən-birə ikisini də həbsə atmaq kütləvi narazılıq yaradardı. Köçəryanı həbsə atıb Rusiyanın reaksiyasını gözlədilər.
Bu sözləri konfliktoloq Əvəz Həsənov 1 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Sərkisyanın həbs ediləcəyi barədə yayılan xəbərlər fonunda Ermənistankı situasiyanı şərh edərkən deyib. Onun sözlərinə görə, Kremlin Köçəryanın həbsinə reaksiyası ciddi olmadı: “Rusiya Köçəryana görə Ermənistana müharibə elan eləmədi, münasibətlərini pozmadı, əksinə Paşinyan Köçəryanı həbsə atmaqla özü Rusiya ilə münasibətlərini dərinləşdirməyə çalışdı. Bu üsul müəyyən qədər işə yaradı. Paşinyan göstərdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq həmin siyasi qüvvə Rusiyanı partnyor görür. Putinə bu lazım idi”.
Əvəz Həsənovun fikrincə, Paşinyan Ermənistanı Qərbə yaxın göstərməyə çalışsa da, Qərbdə Paşinyana ciddi yanaşmırlar: “Hamı başa düşür ki, Ermənistan Rusiyanın təsir dairəsində olan regiondur. Hətta Gürcüstanın özünə belə tam simpatiya yoxdur. Keçmiş SSRİ ölkələrinə Qərbin istədiyi metodla Rusiyadan qopmaq nəsib olmur. Qərb bu məsələdə bir qədər geri çəkilib”.
Konfliktoloq qeyd edib ki, Paşinyanın öz hakimiyyətini möhkəmləndirməsi üçün müxtəlif yollara əl atmağa məcbur olub. Əvəz Həsənov bildirib ki, Paşinyan hakimiyyəti ələ keçirməyə nail olsa da, tərəfdarları elitadan ibarət deyil: “Əsas elita hələ Respublikaçıların tərəfindədir. Respublikaçılar isə faktiki olaraq hakimiyyətdən kənarda qalıblar. Paşinyanın ətrafında olanlar fərqli düşüncəli, Qərblə əməkdaşlıq edən, beynəlxalq auditoriyalarda olanlardır, Sovet psixologiyası ilə böyüyən publikaya yaxınlığı çox azdır. Paşinyan hakimiyyətdə olsa da, köhnə elita öz təsirini hələ də saxlayır. Yəni Köçəryanı hətta həbsə atmaları da Paşinyanın vəziyyətini düzəltmir. Ermənistan cəmiyyətində yaşlı nəsil arasında Paşinyana inam çox azdır, cavan nəslin isə cəmiyyətə təsir eləmək gücündə deyil. Paşinyan yaşlı və təcrübəli nəsli birdən-birə sıxışdırdı, lakin onların təcrübəsindən istifadə etmək lazım idi”.
Konfliktoloq hesab edir ki, Respublikaçıların parlamentə düşməməsi Paşinyan üçün çox ciddi problem yaradıb: “Respublikaçıların müxalif kimi parlamentdə təmsil olunması onun özünə lazım idi. Köçəryandan sonra Sərkisyanın həbsi ilə baş nazir köhnə nomenklaturanı, elitanı özünə qaldıracaq. Paşinyanın özünün də siyasi addımları o qədər möhkəm deyil, Artıq sübut olunub ki, Paşinyan vəzifəni götürsə də, tam mənada onu icra edəcək potensialı hələ ortaya qoya bilməyib. Ola bilsin 2 il sonra vəziyyət onun üçün yaxşı olacaq. Amma indi konfrontasiyalara getməklə öz vəziyyətini pisləşdirir. Sərkisyanı da həbs eləsə, onun üçün siyasi rəqiblərini susdurmaq asan olmayacaq. Respublikaçılar partiyası hakimiyyəti uduzduqlarını zənn etmirlər, seçkiləri uduzsaydılar, bəlkə də sakitləşərədilər, küçə nümayişləri nəticəsində təzyiqlərə məruz qaldılar, imiclərini itirdilər, hakimiyyətlə getmələri ilə barışmırlar. Ona görə də Paşinyan ciddi təhlükədədir”.