G7 və AB Rusiyanı yenidən hədələyib Dünya

G7 və AB Rusiyanı yenidən hədələyib

Poroşenko və Putinin növbəti görüşü gözlənilir

Cavid

G7 ölkələri və Avropa Birliyi Minsk danışıqlarına əməl etmədiyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyib. Qərb mətbuatının məlumatlarına əsasən bu barədə "yeddilik" ölkələrin xarici işlər nazirlərinin və AB-nin yüksək rütbəli nümayəndəsi bildirib. Bundan əlavə Qərb liderləri Moskva üçün bir daha yeni qadağaların qarşısını ala biləcək şərtləri səsləndiriblər.
Minsk razılaşmasına əsasən Rusiya Ukrayna sərhəddindən öz ordu və qüvvələrini geri çəkməli, burada təhlükəsizliyi təmin etməli, eləcədə separatçılar tərəfindən saxlanılan əsirlərin hamısının azadlığına nail olmalıdır. Bundan əlavə "yeddilik" ölkələrin liderləri və AB qışın gəlməsi ilə əlaqədar Ukraynaya kömək etməyi və ölkənin iqtisadiyyatının bərqərar olmasında iştrak etməyə boyun olublar. Bu arada Ukrayna prezidenti Petro Poroşenko Rusiya Federasiyası ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrinin müvəqqəti bağlanılması ilə əlaqədar təcili tədbir görməyi tapşırıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarında deyilir ki, sərhədi keçmək qadağası avtomobil, dəniz nəqliyyatı və piyadalara aid edilir. Hərçənd ki, ehtiyac olduğu halda o, "başqa nəqliyyat növlərinə" də şamil edilə bilər. Şuranın nümayəndəsi Andriy Lısenko deyib ki, söhbət nəzarət-buraxılış məntəqələrinin bağlanılması və sərhədin demarkasiyası ilə bağlı sənədlərin hazırlanmasından gedir. Bundan əvvəl Ukrayna prezidenti Rusiya ilə sərhəddə müdafiə kompleksinin qurulacağı barədə bəyanatla çıxış etmişdi. O da söylənilir ki, Ukrayna prezidenti Pyotr Poroşenko yaxın üç həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər. Bu barədə Poroşenko ötən gün mətbuat konfransı zamanı bildirib.
"Mən düşünürəm ki, yaxın üç həftə ərzində Vladimir Vladimiroviçlə görüşümüz olacaq", - deyə Poroşenko qeyd edib.
Onun sözlərinə görə, görüş geniş formatda olacaq, amma tədbirdə ikitərəfli danışıqların keçirilməsi istisna edilmir.
"Görüş Avropada olacaq. Bu barədə artıq ilkin razılıqlar əldə olunub. Görüşdə sülh planının reallaşdırılması məsələləri müzakirə ediləcək", - deyə Ukrayna prezidenti bildirib.
"Röyters" xəbər agentliyi isə bildirib ki, Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynanın cənub-şərqini ilk dəfə rəsmən "Novorossiya" olaraq tanıyıb. Agentlik yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ilk dəfə rəsmi səviyyədə Donetsk və Luqansk vilayətlərinin separatçılar tərəfindən işğal edilən ərazisi üçün "Novorossiya" terminindən istifadə edib. Rusiyanın baş diplomatı ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündə "Kiyev hakimiyyəti və Novorossiya rəhbərliyi arasında dialoqun qaydaya salınmasının" müzakirə edildiyini bildirib.
"Ukraynalılar Minskdə bir neçə dəfə "Novorossiya nümayəndələri ilə görüşdülər. Onlar orada iki sənəd imzaladılar. ATƏT və Rusiyanın nümayəndələri isə bu dialoqu qaydaya salmağa kömək edirdilər", - deyə Rusiya xarici işlər naziri bildirib.
Bundan əvvəl isə Rusiya prezidenti bir neçə dəfə "Novorossiya" sözündən istifadə edib. Bu, Rusiya Federasiyası qoşunlarının Ukraynaya müdaxiləsindən sonra baş verdi. V.Putin prezidentin rəsmi saytında "Novorossiyanın özünümüdafiə qüvvələrinə" müraciət edərək Ukrayna hərbçilərini mühasirədən çıxarmağa çağırıb. Rusiya prezidenti bu ifadəni daha sonra Tacikistan səfərində işlədib. Burada kilsələrdən birinə gedən Putin jurnalistlərin "cənab prezident, siz bu şamı kimin üçün yandırdınız" - sualına cavabında dövlət başçısı "bu dualar Novorossiyanın müdafiəsi uğrunda canlarından keçən şəxslərin əziz xatirəsinədir" demişdi.
Son vaxtlar Qərb mediasında Rusiya qırıcılarının NATO-ya üzv ölkələrin hava məkanını pozması barədə xəbərlər də xeyli artıb. ABŞ-ın "The American Interest" qəzeti Ukraynanın şərqində atəşkəsin əldə olunmasına baxmayaraq, Moskvanın regionda provokasiyalarını dayandırmadığını yazıb. Qəzet yazır ki, Rusiya hərbi təyyarələri əvvəllər də pozduğu Baltikyanı ölkələrin hava məkanına son vaxtlar müdaxiləni dəfələrlə artırıb. Belə ki, ilin əvvəlindən NATO qırıcıları Litva sərhədində 68 dəfə həyəcan üzrə havaya qaldırılıb. Bu Litvanın NATO-ya üzv olduğu dövrdə ən yüksək göstəricidir. Latviya hava məkanına isə Rusiya hərbi təyyarələri 150 dəfə yaxınlaşıb. Estoniya hakimiyyəti isə bildirir ki, ilin əvvəlindən Rusiyanın təyyarələri ölkənin hava sərhədini beş dəfə pozub. Halbuki keçən səkkiz il ərzində analoji hadisə iki dəfə baş verib. Baltikyanı ölkələr Ukraynadan fərqli olaraq NATO üzvləridir. Amma Estoniya, Latviya və Litvada etnik rusların əhəmiyyətli sayı təhlükənin böyük olduğunun göstəricisidir. Vladimir Putin administrasiyası artıq Baltikyanı ölkələrdə rus dilinin daşıyıcılarının üsyanını dəstəkləməyə hazır olduğunu nümayiş etdirib.
Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Riqada rusdilli auditoriyaya bildirdi ki, əgər rus dilinə hansısa təhdid olarsa, Rusiya onlara ciddi dəstək göstərəcək.