Gürcüstan təşvişdə Dünya

Gürcüstan təşvişdə

58-ci rus ordusu yeni hücuma hazırlaşır

Rusiyanın 58-ci ordusunun Cənubi Osetiya ərazisində eyni zamanda 6 hərbi poliqonda başlayan irimiqyaslı təlimləri siyasi gərginliyin hökm sürdüyü, hakim koalisiyada parçalanma yaşandığı Tiflisdə təşviş yaradıb.
Gürcüstanın Xarici İşlər Nazirliyi 58-ci ordunun faktiki işğal altında olan ərazilərdə keçirdiyi hərbi manevrlərdən hiddətləndiyini bildirib və Rusiyanın beynəlxalq öhdəliklərinə əməl etməsini, bu özbaşınalığa son qoymasını tələb edib.
Bəyanatda deyilir ki, dekabrın 5-də Rusiyanın Cənub hərbi dairəsində və Gürcüstanın işğal edilmiş Sxinvali regionunda eyni vaxtda altı poliqonda hərbi-səhra təlimləri başlayıb. Təlim çərçivəsində 58-ci ordunun əsgər və zabitləri müxtəlif atəş sistemlərindən irimiqyaslı atəş təlimləri keçirirlər və ən yeni radiolokasiya sistemlərinin mənimsənilməsini həyata keçirirlər.
Təlimlərdə "MSTA-S" qaubitsaları, "Tornado-Q" reaktiv yaylım atəşi sistemləri, QLONASS naviqasiya sistemi ilə təchiz edilmilmiş "Zoopark-1" radiolokasiya sistemləri kimi ən yeni silah sistemləri sınaqdan keçirilir. Təlimlərə 1000-dən çox hərbçi və 200-dən çox texnika qatılıb.
Rəsmi Tiflis bildirir ki, bu təlimlər Rusiyanın 2008-ci il avqustun 12-də əldə edilmiş atəşkəs razılaşmasına əsasən üzərinə götürdüyü öhdəliklərə ziddir və regionda stabilliyi təhdid edir. Gürcüstan XİN beynəlxalq birliyi Rusiyanın hərəkətlərinə adekvat reaksiya verməyə çağırır.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiyanın 58-ci ordusu Şimali Qafqazda keçirdiyi irimiqyaslı hərbi manevrlərin ardınca Gürcüstana hücum etmişdi və Tiflisin 30 kilometrliyinə qədər irəliləmişdi.
"Beşgünlük müharibə" kimi yadda qalan həmin hərbi əməliyyatların nəticəsi olaraq Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələri "müstəqil dövlət" kimi Rusiya tərəfindən tanındılar. Rusiya bu regionların ərazisində iri qoşun birləşmələri yerləşdirdi. Gürcüstan hazırda bu bölgələrin Rusiyanın işğalı altında olduğunu bildirir.