Putin Rusiyanı böhrandan çıxara biləcəkmi? Dünya

Putin Rusiyanı böhrandan çıxara biləcəkmi?

Ekspertlərin fikrincə, Velikorus" mifi dağılır

Cavid

Rusiya prezidenti Vladimir Putin Yeni il ərəfəsində keçirdiyi 10-cu böyük mətbuat konfransında ölkəsinin düşdüyü iqtisadi vəziyyət, Qərblə qarşıdurmadan, Ukrayna və digər məsələlərə aydınlıq gətirib, jurnalistlərin suallarını cavablandırıb. Ekspertlərin əksəriyyəti Putinin mətbuat konfransında verdiyi açıqlamalarla siyasi gediş etdiyini və Qərbə mesaj olduğunu söyləyiblər.
Politoloq Ərəstun Oruclunun fikrincə, Rusiya prezidenti əvvəlki mətbuat konfranslarında olduğu kimi özünə inamlı görünmürdü və əvvəlki şou xarakterli mətbuat konfranslarından fərqli olaraq, bu, bir növ cəmiyyətə, müxalifətə, mediaya, beynəlxalq aləmə ünvanlanmış çoxsaylı mesajlardan ibarət bir qətiyyətsiz praqmatik müraciət idi: "Putin hər bir kəlməsini süzgəcdən keçirib dilə gətirir, kəskin ifadələrdən istifadə etmirdi. Ümumilikdə ölkədəki duruma görə cavabdeh olduğunu deməklə yanaşı, eyni zamanda da ölkənin iqtisadiyyatında, xarici siyasətində baş verən uğursuzluqlara görə məsuliyyəti məharətlə üzərindən atmağa cəhd edirdi. Mərkəzi Bankın, hökumətin ünvanına sətiraltı tənqidlər yönəltsə də, beynəlxalq aləmə və dünya güclərinə gəldikdə, prezident öz ənənəsindən kənara çıxaraq, mövzudan yayınmağa çalışırdı. Amma bu ünvanlara da yönələn xeyli mesajlar vardı. Əvvəla, Putin "bizi Krıma görə deyil, suveren siyasətimizə görə sıxırlar" (Azərbaycan auditoriyasına da bu tezis yaxşı tanışdır) deməklə, faktiki olaraq Ukraynadakı hərbi cinayətlərə görə məsuliyyəti üzərindən atmağa çalışır və həm ölkənin daxilində, həm də xaricində yanlış rəy yaratmağa cəhd edirdi. Bu arada, Ukraynalı jurnalistin sərt sualına da Putinin cavabı eyni tonda idi. Görünür, mətbuat konfransı ərəfəsində xarici işlər naziri Sergey Lavrovun Fransa telekanalına müsahibəsi zamanı Ukrayna ilə bağlı pozitiv tonda mesajları da bu mövqeyə işarə idi. Neftin qiymətinin ucuzlaşması ilə bağlı da danışarkən Putin İranı, Venesuelanı da xatırlayaraq, yenə də bu məsələdə də başlıca səbəbin onun Ukrayna siyasəti olmadığını önə çəkməyə çalışdı. Digər tərəfdən isə, prezident müəyyən mənada kompromislərə getməyin mümkün olduğunu da nəzərə çatdırırdı. Məsələn, Rusiyada nüfuzuna görə Putindən sonra ikinci şəxs sayılan İqor Seçinin əməkhaqqısının həcmi ilə (istisna deyil ki, sifarişli) suala cavab verərkən, prezident onun hətta xarici menecerlə əvəz edilə biləcəyinə işarə etdi. Görünür, Putin BP-nin icraçı direktoru təyin edilmiş amerikalı Robert Dadli variantına bənzər model ətrafında müzakirələrin mümkünlüyünə eyham vururdu. Bundan başqa, Putin həm də Qərblə əməkdaşlığa dair nüvə təhlükəsizliyi, terrorla mübarizə, təbabət və bir neçə digər prioritet iqtiqamətin gündəlikdə qaldığını bir daha xüsusi vurğuladı".
Politoloq onu da bildirib ki, iqtisadiyyatla və onun perspektivlərilə bağlı prezidentin açıqlamaları yetərincə səthi və qeyri-müəyyən olmaqla yanaşı, böhrandan çıxma müddətinin də minimum (3 ay) və maksimum (2 il) zamanı arasındakı böyük fərq gösrərir ki, yaxın illərdə da Rusiyanın ən ciddi problemi iqtisadiyyatın inkişafı və diversifikasiyası olacaq: "Putinin ölkənin iqtisadi inkişafı ilə bağlı konkret islahatlar proqramının olmaması açıq görünürdü. İqtisadiyyatla bağlı bütün cavablarında durumun ağır olduğunu inkar eləməyən (bəzən isə hətta onları kataklizmlər adlandıran) Putin vəziyytdən çıxış yolunu da aydın göstərə bilmədi. Belə nəticəyə də gəlmək olar ki, Putin həm ölkənin daxilinə, həm də xaricinə belə mesajlar verməklə özünün hakimiyyətin daxilindəki ağır durumunu cəmiyyətdən və beynəlxalq aləmdən dəstək almaqla aradan qaldırmağın mümkünlüyünə işarə edirdi və məhz bu məqsədlə də yumşaq, xeyli dərəcədə diplomatik ton seçmişdi. Bugünkü Putin əvvəlkindən fərqli olaraq, yaxın zamanlarda danışıqlara hazır olacaq Putinə oxşayırdı... İstisna deyil ki, bu ton həm də ABŞ prezidenti Barak Obamanın Konqresin Ukraynaya hərbi yardıma icazə verən qanununa imza atmağı ləngitməsinə cavab idi. Odur ki, yaxın aylarda Qərb-Rusiya münasibətlərinin açıq konfrontasiya müstəvisindən tədricən dialoq müstəvisinə keçə biləcəyi də istisna olunmur. MDB ölkələrilə münasibətlərə də prezidentin xüsusi diqqət ayırmaması və daha çox Şanxay Əməkdaşlıq Təşkilatının perspektivləri haqqında danışması da maraqlı məqamlardandır".
Siyasi ekspert Fikrət Sadıqov isə qeyd edib ki, Rusiya düşdüyü durumdan çıxmaq üçün radikal tədbirlər görməli olacaq: "Rusiya çətin dövrlərini yaşayır. Hazırda ciddi iqtisadi və maliyyə problemləri ilə üz-üzədir. Bu da onun Ukrayna ilə bağlı siyasətinin nəticəsidir. Rusiya rəhbərliyi vəziyyətdən çıxmaq üçün yollar axtarır. Düşünürəm ki, hansısa bir yol tapılacaq. Çünki Rusiya bundan da mürəkkəb dövrlər yaşayıb. Təbii ki, qadağaların maliyyə və iqtisadi vəziyyətə ciddi təsirləri var. İqtisadi, sosial vəziyyətin ağır olduğunu nəzərə alsaq, yaxın gələcəkdə mövcud maneələri dəf etmək, vəziyyəti normallaşdırmaq çətin olacaq. Uzun zaman bu istiqamətdə işlər görüləcək. Bu problemlər qısa zamanda aradan götürülə bilməz. Hesab edirəm ki, bu, Rusiya üçün tam nəticəsiz qalmayacaq. Vəziyyətdən çıxmaq üçün radikal tədbirlər görmək lazım olacaq".
Politoloq İlqar Altay isə hesab edib ki, Rusiyada cərəyan edən faciəvi iqtisadi-maliyyə böhranı Kremlin Ukrayna məsələsində məğlubiyyəti deməkdir: "Artıq faktiki olaraq sübut olunur ki, Rusiyaya qarşı Qərbin iqtisadi sanksiyaları əbəs deyilmiş. Rublun dəyərinin kəskin düşməsi, ölkədəki iqtisadi-maliyyə-bank sisteminin iflic vəziyyəti, xalqın xaos səviyyəli narahatlığı, artıq Rusiyada vəziyyətin kritik həddə çatdığını göstərir. Rus xalqında artıq "hücumçu" Putin imicindən doğan eyforiya yox olur. Kreml, Putin başa düşür ki, Ukraynaya basqı məsələsində də böyük səhv olub. Rusiya əslində bütün sivil inkişaf ermiş dünyanın təzyiqi ilə üz-üzə qalıb. İqtisadi tənəzzül Putinin xalqa rifah cədinin xəyal olduğunu sübut etdi. Ona görə də Kreml Ukrayna məsələsində geriyə çəkilmək yolları barədə düşünür".
İ.Altayın bildirdiyinə görə, Rusiyanın ağır böhranla üzləşdiyi bir zamanda Ukrayna ordusu toparlanmaqda, daha ciddi döyüşlərə hazırlaşmaqdadır: "Ukrayna dövlətçiliyi və ordusu günü-gündən möhkəmlənir və Rusiya ilə genişmiqyaslı müharibə səviyyəsinə yüksəlir. Yəni 2008-ci ildə Gürcüstana basqıdan şirniklənib ruhlanan Putin 2014-də Ukraynaya basqıda böyük zərbə aldı. Bu, belə də olmalı idi, çünki Moskvanın 90-cı illərin əvvəlindən Qarabağ işğalı ilə başlamış, qonşu müstəqil dövlətlərə qarşı separatçılıq həmlələri nə vaxtsa durdurulmalı idi".
İ.Altayın qənaətincə, bu gün Rusiyanın Ukrayna torpaqlarından geri çəkilməsi belə onu xilas edə bilməz: "Ancaq düşünürəm ki, bu dəfə Rusiyanı Ukraynadan çəkilmək belə xilas etməyəcək. Çünki Qərb və bütün sivil dünya artıq Putini başa düşüb. Artıq dünya Rusiyanı dünyadakı bütün gərginliklərin mənbəyi hesab edir. Və artıq məlum olub ki, Rusiyanı iqtisadi rıçaqlarla, müharibəsiz də məğlub edib çökdürmək mümkündür. Bunun üçün yalnız Sibirin neft-qazını satıb xərcləyən tənbəl Rusiyanın təbii resurslarını almayıb, onu varlandırmamaq kifayətdir. Ukrayna böhranı Rusiyanın kəskin tənəzzülü üçün o dərəcə də effektiv oldu ki, artıq Qərb bu böhranın səngiməsində maraqsız görünür".
Politoloqun fikrincə, Rusiyanın bugünkü ağır durumu digər post-sovet ölkələrinə də cəsarət verəcək və onların Kremlə olan münasibətini hissediləcək dərəcədə dəyişəcəkdir: "Rusiyanın indiki acınacaqlı durumu məğlubiyyət deməkdir. Onun illərlə gözə soxduğu güclü və qalib imicini zədələnməsi deməkdir. Artıq Ukrayna Kremldən qorxmur, çəkinmir. Onun heç bir şərtini qəbul etməz. Bundan sonra digər postsovet respublikalar da Rusiyadan çəkinməyəcək. Çünki artıq hər yerdə "Velikorus" mifi dağılır".