NATO genişlənmə siyasətinə qayıdır Dünya

NATO genişlənmə siyasətinə qayıdır

Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə Gürcüstan alyansa üzv ola bilər

Cavid

Krımın Rusiyaya birləşdiriləcəyi təqdirdə, Gürcüstana artıq sentyabrda NATO-ya Üzvlük üzrə Fəaliyyət Planı təqdim edilə bilər. Bu barədə "Kommersant" alyansın mənzil-qərargahında və ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən xəbər verir.
"Rusiyanın Ukraynaya dair addımları NATO-nun Şərqi Avropada daha qəti siyasət yürütməyinin zəruriliyi ətrafında diskussiyaları aktivləşdirdi", deyə NATO-nun mənzil-qərargahında "Kommersant"a bildiriblər. ABŞ Dövlət Departamentində isə Tiflisin Alyansa inteqrasiya olmaq meylini dəstəkləyəcəklərini bildiriblər.
ABŞ Dövlət Departamentindəki mənbə həmçinin bildirib ki, "Moskva Krımın Rusiyaya birləşdirilməsini elan edəcəyi təqdirdə, NATO-ya Üzvlük üzrə Fəaliyyət Planının Gürcüstana təqdim edilməsi məsələsi faktiki həll edilmiş hesab oluna bilər". Mənbənin sözlərinə görə, buna yalnız Almaniya maneçilik törədə bilər, çünki bu ölkənin Xarici İşlər Nazirliyinə 2008-ci ildən Rusiyaya loyal münasibət bəsləyən Frank-Valter Ştaynmayer rəhbərlik edir.
Rusiya-Ukrayna münaqişəsi HATO-nun Şərqə doğru irəliləməsini sürətləndirib. Rusiyanın rəsmi Kiyevin ərazi bütövlüyünə hörmətsizliyi, hərbi birləşmələrinin sayını Krımda artırması və imperialist siyasətindən doğan addımları Qərbin, xüsusilə də HATO-nun narahatlığına səbəb olub. Artıq Gürcüstanla yanaşı Ukraynanın da alyansa üzvlük məsələsi gündəmdədir.
Qeyd edək ki, HATO-nun Qafqaza doğru irəliləməsi planı həmişə Rusiyanın narahatlığına səbəb olub. Xüsusilə də Alyansın Gürcüstan və Azərbaycanla sıx əməkdaşlıq etməsi Moskvanı təlaşlandırır.
Amma ekspertlərin fikrincə, Cənubi Qafqaz dövlətlərinin NATO-ya inteqrasiyası heç də asan olmayacaq. İndi Cənubi Qafqazda əsl geosiyasi ardıcıllıq formalaşıb - Gürcüstan NATO-ya can atır, Azərbaycan gözləmə mövqeyi tutur, Ermənistan isə NATO ilə hər hansı yaxınlıq haqqında fikirləşmir, özünü bütünlüklə Rusiyaya təslim edib.
NATO-ya inteqrasiya Gürcüstanın artıq rəsmi dövlət siyasətidir. Gürcüstanda NATO-ya inteqrasiya məsələlərilə məşğul olan ayrıca dövlət nazirliyi var. Bu ölkədə NATO-ya inteqrasiya ilə bağlı referendum da keçirilib. Bütün bunları isə NATO deyil, Gürcüstan özü edir.
2008-ci ilin avqust müharibəsindən əvvəl Gürcüstanın NATO-ya daxil olma məsələsi çox aktual idi. Elə həmin il ABŞ-ın sabiq dövlət katibi Kondoliza Raysın Gürcüstana səfəri zamanı Gürcüstanın NATO üzvü olmaq üçün giriş kartı olacaq. Amma 2008-ci ildən sonra Gürcüstanın NATO hərbi alyansının üzvlüyü məsələsi arxa plana keçdi. Baxmayaraq ki, təxminən bir həftə sürən müharibədən sonra bəzi dövlətlər Gürcüstanın NATO-ya tezliklə üzv olması məsələsini beynəlxalq arenada ən mühüm məsələ sayırdılar.
Beynəlxalq ekspert İrakli Menaqarişvili Gürcüstanın gələcəyi üçün NATO məsələsini çox mühüm məsələ sayır. Menaqarişvilinin fikrincə, 2008-ci ildə baş verən müharibə Gürcüstanı NATO üzvü olmaq fikrindən dönməsi üçün Rusiya tərəfindən məcburedici addım idi. Menaqarişvili Şimali Atlantika alyansının alternativi haqqında da danışıb və bildirib ki, Gürcüstan 5 il MDB üzvü olub.
Gürcüstan orada təhlükəsizlik zəmanəti hiss etmədiyi üçün NATO yolunu seçdi. Gürcü ekspertin fikrincə, bu sahədə Tiflis üçün başqa alternativ yoxdur.
Gürcüstan Gənclərinin Atlantik Müqaviləsi Assosiasiyasının (YATA) baş katibi David Arxangelskinin fikrincə, NATO ilə əməkdaşlıq Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindəndir. Gürcüstan - NATO münasibətlərinin rəsmi çərçivəsi yaxşı inkişaf edib: "Bizim NATO - Gürcüstan (NGC) komissiyamız var, bu komissiya müttəfiqlərlə Gürcüstan arasında məsləhətləşmələr üçün effektiv forum hesab olunur. NGC-da iş prosesi illik milli proqram (ANP) əsasında gerçəkləşir. Bu proqram siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və hüquqi məsələləri əhatə edir. Planlaşdırma və Analiz Prosesi (PARP) daha geniş müdafiə islahatı səylərinə hədəflənib. Əməkdaşlıq kifayət qədər böyük əhatəyə malikdir və təkcə hərbi sahəyə istiqamətlənməyib. NATO Gürcüstanda demokratik institutların qurulmasında aktiv iştirak edir. Gürcüstan təkcə özünə olan dəyərli dəstək ilə kifayətlənmir, eləcə də alyansın dəstəklənməsinə yönəlik müxtəlif səylərdə iştirak edir. Misal üçün, Gürcüstan İSAF əməliyyatına NATO-ya üzv olmayanlar içərisində ən böyük töhfəni verir. NATO mövcud olduğu qədər onunla əməkdaşlıq Gürcüstanın siyasətinin vacib hissəsi olacaq. Gürcüstanın NATO-ya daxil olması alyansa üzv bütün ölkələrin siyasi iradəsindən asılı olacaq. Biz həmçinin başa düşməliyik ki, alyans özünün əvvəlki kimi genişlənmə siyasəti ilə əlaqədar ciddi problemlərlə üzləşir. Demək olar ki, 10 il ərzində NATO-ya üzv dövlətlərin sayı iki dəfə artıb. Bu əlbəttə, onun daxili sabitliyinə güclü təsir göstərdi. Bu səbəbdən onun növbəti genişlənmə müəyyən müddət NATO-nun siyasi gündəliyində olmayacaq".
Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin isə Gürcüstanın NATO standartlarına uyğun gəlmədiyini bildirib. NATO-nun namizəd ölkələr üçün hazırladığı standartlar var. "Gürcüstanın üzvlük məsələsinin siyasiləşdirilməsinə cəhd və ayrı-ayrı ölkələr üçün ayrı-ayrı şərtlərin düşünülməsi çox da düzgün mövqe deyil", - o bildirib.
Roqozinin qiymətinə görə, bu gün Gürcüstanın möhkəm xarici sərhədləri yoxdur, Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin nəticələri, NATO-ya üzv olmaq haqqında referendumun nəticələri var, lakin o, Abxaziya və Cənubi Osetiyada keçirilməyib, nəhayət, dövlətin iqtisadi müstəqilliyi ilə bağlı NATO standartları var və Gürcüstan onlara uyğun gəlmir.
Gürcüstanın hərbi məsələlər üzrə eksperti Koba Liklikadze isə Rusiyanın NATO-dakı səfirinin bəyanatını şərh edərək, Gürcüstanın ordu islahatlarında nəzərəçarpan irəliləyişə nail olduğunu və buna sübut olaraq, Silahlı Qüvvələrin mərhələli şəkildə NATO standartlarına müvafiq silahlandırılması, Gürcüstanın əsas hərbi bazaları Senak və Qorinin buna nümunə olduğunu hesab edir.
Politoloq Razi Hurullayev isə düşünür ki, NATO Rusiyanın sərhədlərinə yaxınlaşsa da, bu o demək deyil ki, NATO Rusiyaya hücum edəcək və Rusiyanı dağıdacaq. Dünya əvvəlki dünya deyil. Əgər dünya bir gün görsə ki, Rusiya demokratik quruluşdur və demokratik cəmiyyətə malikdir, bəlkə də heç NATO-nun belə genişlənməsinə ehtiyac qalmaz: "Rusiya öz davranışları və siyasəti ilə AB və ABŞ ehtiyatlı tədbirlər görməyə vadar edir. Əgər Putin Qərblə düzgün oyun qaydaları üzrə hərəkət etsəydi, keçmiş sovet PR və texnologiyalarından əl çəksəydi, bu gün Rusiyanın iqtisadi və siyasi quruluşu daha mütərəqqi və daha inkişaf etmiş olardı.
Rusiya gərək unutmasın ki, o zor gücünə bir yerə yığılan və assimilyasiya edilən xalqların birliyindən ibarətdir. Bu gün Ukraynanı parçalamaqla gələcək üçün özünə qəbir qazır. Çünki, Rusiyanın tərkibində olan federativ respublikalar bir gün Rusiyadan ayrılmaq qərarı verəcəklər və o milli-etnik zəmində baş verən mübarizə meydanına çevriləcək.
Rusiya əlində olanı saxlamaq əvəzinə, öz ərazilərini işğal vasitəsilə genişləndirmək niyyətinə düşür. Bu isə ona problemlərdən başqa heç nə qazanadıra bilməz. Rusiya daha ciddi addımlara gedərək Krımın hətta Rusiyaya birləşdirilməsi haqqında qərar qəbul edə bilər. Krımın ayrıca bir dövlət kimi tanınmasını da həyata keçirə bilər. Amma təsirli imkanlar ondan ibarətdir ki, dünya ictimaiyyyəti də Rusiyanı cəzalandırmaq üçün ortalığa kifayət qədər mövqe qoymaq imkanına malikdir. Bu Çeçenistanla, Şimali Qafqazla, Tatarıstanla bağlı məsələdir. Təbii ki, Rusiya bütün dünya ictimaiyyətindən izolyasiya oluna və İranın gününə düşə də bilər.
Hələ ki, sərt mövqeni ABŞ sərgiləyir. ABŞ o gücə malikdir ki, Rusiyanı bir ay içində fəlakətə sürükləsin. Amma ABŞ-ın qəti addım atmasını şərtləndirən reallıqlar zəifdir. Ərəb inqilabları gözlənilən müsbət nəticələrə gətrib çıxara bilmədi".
Politoloq Elşən Həsənov isə bildirib ki, Gürcüstanın HATO-ya girməsi günün aktual mövzusu ola bilməz: "Rusiya-Ukrayna münaqişəsi hələ bilinmir ki, nə ilə nəticələnəcək. HATO Gürcüstandansa birinci Ukraynanı özünə qoşmalıdır ki, rəsmi Moskvanın hücumundan Kiyevi qoruya bilsin. Əslinə baxanda, HATO Şərqə və Cənubi Qafqaza genişlənməkdə gecikib. HATO-nun Rusiyanın imperialist siyasətindən xəbəri var və bilir ki, Kreml maraqlarını həyata keçirməkdən ötrü həmişə silaha əl atır. Belə olan təqdirdə bu vaxtadək HATO Rusiyanın diqqətini cəlb edən, həmin ölkəni özündən asılı vəziyyət salmaq istəyən respublikaları alyansa üzv qəbul etməliydi. Bu zaman Rusiya MDB məkanında imperialist siyasət yürüdə bilməzdi. İndi də gec deyil. Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan artıq rəsmi Moskvanın imperialist siyasətindən əziyyət çəkir. HATO bu barədə düşünməlidir".