Söz vardır kəsər savaşı... Hadisə

Söz vardır kəsər savaşı...

Şah İsmayıl Xətayinin şairlik istedadının inkişafında aşıq şeirinin böyük təsiri var

Saz – "sazlamaq" sözünün kökündən olub, sadəcə, nizamlamaq, kökləmək, qurmaq mənası daşıyır. Böyük Nizami də müğənniyə bu mənada müraciət edib, həm də sazın ruhu oxşayan alət olduğundan şövqlə danışıb:


Müğənni, o, ruhu oxşar saz ilə,
Mənim də ruhumu oxşa saz ilə.
Bəlkə ilham alıb sazın telindən
Ruhuma ipək həqiyə nəqş eləyim mən.


Deməli, XII əsrdə qopuz və tənburla yanaşı, dinən saz ozan-aşığın əsas ifa aləti olub. Qopuzu ozanlar müqəd¬dəs saydıqları kimi aşıqlar da sazı müqəddəs hesab ediblər. Buta verilən aşiqlər də öz sirli butasını ilk dəfə telli sazın telləri ilə açıb söyləyiblər.
Şah İsmayıl Xətai (XVI əsr) qoşmalarının birində dörd şeylə bərabər sazın da insana gərək olduğundan bəhs edərək deyirdi:


Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elim, bir kəlam, bir nəfəs, bir saz.


Xəstə Qasım (XVI-XVIII əsrlər) saz ustasına müraciətlə:


Usta, məni gözlərinə fəda et,
Səndən saz istərəm, amma saz ola.
Dindirəndə imran dilli danışa,
Şeyda bülbüllər tək xoş avaz ola.

- deyə imran dilli, bülbül tək xoş avazlı saz bağlamasını xahiş edib. XIX əsrin böyük saz-söz ustaları Aşıq Musa "Nə günahı telli sazın", Aşıq Ələsgər "Mənim" şikayətnaməsində:


Zəkatsız dövlətə halal deyənlər,
Onlardan halaldı bu sazım mənim.


- deyə sazı şər qüvvələrdən qoruyublar.
Saz yazılı şeirimizin də ədəbi mövzusuna çevrilmiş, XX əsrin böyük şairləri H.Cavidin ("Sındırılan saz") bədii fikri¬nin tərcümanı olub.
İstər xalq danışıq dilində, istərsə yazılı və şifahi ədəbiyyatda kamil fikirlərə, müdrik kəlamlara, ibrətamiz nəsihətlərə iki kəlmə – "atalar sözü" deyiblər. Nizami Gəncəvi sözün qiymətini onu çox danışmaqda deyil, əksinə, az sözün məzmun və mahiyyətində axtarırdı:


Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı olsa da suda
Artıq içiləndə dərd verir su da.
Şah İsmayıl Xətai:
Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ, bir söz.


Söz geniş məna çalarlarına malikdir. Söz həm də nəzm əsərlərinə, şeirə də deyilmişdir. "Aşıq bir söz oxu", "Aşıq, bir nəsihətli söz oxu", "Aşıq, Qurbaninin sözlərindən oxu", "Xəstə Qasımın sözləri çox dərindir", "Ələsgərin sözlərindən olmaz" və s. Deməli, xalq şeirə də söz deyib. Bu gün də ra¬¬dioda, televizorda, konsert salonlarında hər hansı mahnının ifası zamanı "sözləri filankəsindir" ifadəsini eşidirik.
Yuxarıda qeyd etdiyimiz kimi, Əhməd Yəsəvinin (XI-XII əsrlər) heca vəznli qoşmaları, Molla Qasım Şirvaninin (XIII əsr) qoşma, gəraylı-təcnis və müəmmaları, Nəsiminin (XIV əsr) vaxtilə aşıqların dilində gəzən gəraylısı aşıq şeirinin ilk nümunələri sayıla bilər. Orta əsrin pillələrində yaranan bu şeirlər uzun illər ancaq ağızlarda yaşamış və yalnız XVII-XVIII əsrlərdə cünglərə köçürülüb. Buna görə də onlar ilk variantını qoruya bilməyib, yeni sözlər və yeni ifadələrlə mündəricəsini dəyişə-dəyişə müasirləşib.
Ümumiyyətlə, Qasımın "Gördüm" gəraylısı, "Ya Sənəm, Sənəm", "Haray" təcnisləri, "Ya nə" müəmması məzmun, ifadə və dil baxımından da XIII-XIV əsrlərin ruhunu xatırladır:


Müqabirdən güzar etdim,
Əcayib mərduman gördüm.
Qaranqu torpaq altında
Yatır cismilə can gördüm.


XVI əsrdə yaşamış ustad Qurbaniyə qədər nəinki təcnis, hətta bəzi aşıq şeiri nümunələri gəlib bizə çatıb. Molla Qasımın təcnisləri isə bu şəklin kamil nümunələri sayıla bilər. "Haray" rədifli təcnisdə oxuyuruq:


Əhədü-ləmyəzəl zahidü-yekta,
Salma məni gözdən ayağa haray.
Mün təha qovruldum tənəli sözdən,
Pərvanə tək yandım a yağa haray.

Sevdigim al geymiş ələ yapışır,
Bu sınıq könlümüz ələ yapışır,
Bizdə bir nişan var ələ yapışır,
Müxənnəs yapışır ayağa, haray.

Qabuldan gəldün sən Dəməşq elinə,
Bülbül ərzi-halı demiş gülünə,
Şikəstə Qasımın demiş gülünə,
Sən özün yetiş gəl ayağa haray.


Sonrakı əsrlərdə aşıq şeirinin bəzi şəkilləri yazılı ədəbiyyata daxil olub və yaşamaq hüququ qazanıb. Prof. M.Seyidovun erməni əlyazmalarından əldə etdiyi İ.Nəsiminin gəraylısı aşıq şeirinin XIV əsrdə həm məzmun və mündəricə, həm də şəkilcə kamilləşdiyini göstərir.


Doğduğuya inanmagil,
Çünki doğan öləsidir.
Şol yeri-göyü yaradan
Hamangil ol qalasidür.

Kimsənin malın yeməgil,
Bu bana qalır deməgil.
Ol siyasət meydanında
Haqlı haqqın alasıdır.
Haq tərəzisin quralar,
Yazğumuzu soralar,
Yazğumuz sorulacaq
Yasa divan olalidir.

Ey Nəsimi, qayırmagil,
Çün doğdun ölmək içün.
Çün torpaxdan doğdi tənun
Yenə torpax olasidir.


Bütün bunlar göstərir ki, orta əsrin əvvəllərində xalq şeirinin və aşıq qoşmalarının yüksək bədii nümunələri yaranıb yayılsa da, islam etiqadının güclü təbliğatı, həmçinin ərəb və fars dillərinin hegemonluğu, bu dillərdə divan ədəbiyyatının geniş inkişafı milli dildə yaranan ədəbiyyatı və incəsənəti sıxışdırıb, yazıya alınıb qorunmasına mane olub.
Təbii olaraq ərəb və fars dillərində yaranan mədəniyyətə geniş imkan yaradan islam təfəkkürü milli dillərin inkişafını ləngidir, hətta onu nüfuzdan salmağa çalışırdı. O zaman "Qəribnamə"nin müəllifi Aşıq Paşa (1272-1333) məhz bu münasibətlə demişdi:


Türk dilinə kimsələr baxmaz idi,
Türklərə hərgiz könül axmaz idi,
Türk dəxi bilməz idi bu dilləri
İncə yolu, ol ulu mənzilləri.

Buna görə də tək-tək sönən ulduzlar kimi arabir milli dildə xalq təfəkküründə şeirlər yaranır, lakin vaxtında yazıya alınıb mühafizə edilmədiyindən hafizələrdən silinməkdə idi. Yalnız XVI əsrdə aşıq sənəti üçün münbit şərait yarandı. Tədricən ozanın yerini tutan aşıq indi elə bir bədii libas geyinməli idi ki, mühafizəkar ruhanilər qarşısında həm öz nüfuzunu qoruyub saxlaya bilsin, həm də qədim ozan sənətindən yüksəkdə dayansın.
Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətaiynin Azərbaycan dilini hakim dil səviyyəsinə yüksəltməsi Azərbaycandilli ədəbiyyata, aşıq sənətinə böyük qayğı göstərməsi milli mədəniyyətin vüsəti üçün əsas amil oldu. Bu dildə Xətai özü, Həbibi, Füzuli kimi böyük sənətkarlar nadir sənət inciləri yaratdılar. Şah İsmayıl Xətai heca vəzninin müxtəlif şəkillərində aşıq şeiri üslubunda qoşmalar, gəraylılar, varsağılar və bayatılar yazıb. Xətainin yaxın dostlarından olan Məhəmməd bəy Şəmsi də öz dünyəvi ruhlu qoşmaları ilə sarayda böyük hörmət qazanıb:


Çərxi-fələk uruluban dönərsə,
Bəli, demişəm, dönmənəm yarımdan.
Mən etməyə İsa göydən yenərsə
Bəli, demişəm, dönməzəm yarımdan.


"Səfəvilərin dini görüşlərini yaymaq, Səfəvi hakimiyyətini möhkəmləndirmək üçün hər vasitədən istifadə etməyə çalışan Şah İsmayıl Xətai xalq müğənnilərinin nüfuz və qüdrətindən də istifadə edib. Şah İsmaylın uşaqlıq illəri xalq içərisində keçib. Onun şairlik istedadının inkişafında aşıq şeirinin böyük təsiri var. O, aşıq yaradıcılığına böyük diqqət verir, özü də aşıq şeiri üslubunda şeirlər yazırdı. Bu əsrdə aşıq şeiri yeni istiqamətdə inkişaf edir. Aşıq yaradıcılığında qızılbaş görüşlərinin təsiri gündən-günə qüvvətlənirdi".
Bu dövrdə Hz. Əlinin mədhinə həsr olunan qoşmalar geniş yayılır, hətta dastanlarda geniş istifadə olunurdu və bundan sonra dastan Hz. Əlinin aşığa yuxuda buta verməsi ilə başlanırdı. Aşıqlar Şah İsmayılın Çaldıran döyüşü ilə əlaqədar dastan da yaratdılar. Məzmunundan göründüyü kimi, dastan tarixi həqiqətləri əks etdirib. Akad. H.Araslının ilk dəfə dövlət arxivindən əldə etdiyi və şərti olaraq "Şah İsmayıl" adlandırdığı bu dastanda Şah İsmayılın arvadı Taclı xanımın Çaldıran döyüşündə əsir düşməsi, sərkərdə Əbdi bəyin döyüşdə ölümü, bütün bu kədərli hadisələrin şahı dərindən kədərləndirməsi təsvir olunub. Buna baxmayaraq aşıqlar dastanın məzmununa nikbin bir ruh aşılayıblar.
XVI əsrdə geniş şöhrət qazanan aşıq sənəti incəsənətin başqa sahələri ilə rəqabətə girib, hətta bir çox aşıq havalarından və aşıq şeiri şəkillərindən xanəndələr də istifadə ediblər. Dövrümüzün məşhur ustad aşığı Azaflı Mikayıl ustadlarından öyrənmişdi ki, hələ Xətai zamanında aşıq havalarının sayı 300-ə çatmışdı. Şagirdlər bu qədər havanı yadda saxlaya bilmədiklərindən ustadların məsləhəti ilə 300 havadan yüzünü, qalan 200 havanın isə hər yüzündən birini saxlayıb 198-ni atıblar. Beləliklə, 300 aşıq havasından 102 hava saxlanılıb. Hətta aşıqlar bu münasibətlə bir mahnı da qoşublar:


Ən doldu, bənd oldu,
Dəyirmana dən doldu,
Yüz iki gülmıx
Bir gülmıxa bənd oldu.


Kökü xalq ruhuna, xalq məişətinə, xalq adət-ənənəsinə bağlanan aşıq sənəti eyni zamanda xalqın mənəvi təkamülündə başlıca amilə çevrilir, elin toy-düyünləri, bayram mərasimləri aşığın sazında, sözündə rövnəq tapırdı.

Qara Namazov
professor