“Bu ritorikanın aktivləşməsi təsadüfi deyil” Dünya

“Bu ritorikanın aktivləşməsi təsadüfi deyil”

“İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı mövqeyini yenidən sərt şəkildə dilə gətirməsi, ilk baxışda regional layihəyə münasibət kimi görünsə də, əslində İranın daxili siyasi balansındakı çatları üzə çıxarır”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva əlavə edib ki, xüsusilə xarici işlər naziri Abbas Əraqçinin Bakı səfərindən sonra bu ritorikanın aktivləşməsi təsadüfi deyil və Pezeşkian administrasiyasının daha praqmatik, riskləri azaldan xəttinə qarşı mühafizəkar dairələrin açıq reaksiyası kimi oxunur: “Vilayətinin çıxışı birbaşa icraedici siyasəti formalaşdırmasa da, Xamenei institutuna yaxın fiqur kimi onun mesajları daxili auditoriyaya yönəlik xəbərdarlıq və mövqe möhkəmləndirmə funksiyası daşıyır. Bu ziddiyyətli siqnallar fonunda Zəngəzur dəhlizi artıq İran üçün xarici təhlükədən daha çox daxili siyasi mübahisə predmetinə çevrilir”.

Politoloqun bildirdiyinə görə, Ermənistanın layihəyə münasibətinin dəyişməsi, ABŞ faktorunun prosesdə açıq şəkildə görünməsi və Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəifləməsi Tehranın manevr sahəsini daraldır: “Bu şəraitdə mühafizəkarların ritorik təzyiqləri real təsir gücünə çevrilməkdə çətinlik çəkir və daha çox mövcud reallıqlara adaptasiya edə bilməyən düşüncə tərzinin əlaməti kimi qalır. Region isə artıq bu daxili mübahisələrdən kənarda, maneəçilikdən deyil, bağlantı və iqtisadi rasionalizmdən qaynaqlanan yeni mərhələyə daxil olub”.

Röya İsrafilova