"Moskva Cənubi Qafqazda əbədi olaraq “arbitraj” rolundan məhrum ola bilər" Dünya

"Moskva Cənubi Qafqazda əbədi olaraq “arbitraj” rolundan məhrum ola bilər"

Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-dən çıxmağın Ermənistanın hazırkı məqsədi olmadığını bildirsə də, strateji hədəfin Avropa İttifaqına üzvlük olduğunu gizlətmir. O, həmçinin vaxtı çatanda bu məsələ ilə bağlı siyasi qərarın veriləcəyini bəyan edib. Formal olaraq Kremlin bu mövqeyə münasibəti hələlik yumşaqdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aİ-yə üzvlük arzusunun Ermənistanın suveren hüququ olduğunu bildirib. Lakin real proseslər göstərir ki, Moskva bu “suveren hüququ” faktiki olaraq məhdudlaşdırmağa çalışır.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

Onun fikrincə, Kremlin regional gündəlikdə istifadə etdiyi əsas mövzulardan biri də kommunikasiyaların açılması ilə bağlı layihələrdir. Moskva “Tramp yolu” təşəbbüsündə iştirak etmək iddiasını irəli sürərək prosesdə söz sahibi olmağa çalışır. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin Moskvanın bu layihənin parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu açıqlayıb:

"Lakin Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bu mövzuda Rusiya ilə hər hansı müzakirənin aparılmadığını bəyan etməklə Moskvanın iddialarını təkzib edib. Paralel olaraq Rusiya rəsmilərinin Zəngəzurda reallaşacaq dəmir yolunun guya vaxtilə Azərbaycanın balansında olması ilə bağlı iddialar səsləndirməsi Bakı–İrəvan sülh prosesinə süni maneələr yaratmaq cəhdi kimi qiymətləndirilir.
Moskva anlayır ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə olunarsa, o zaman Cənubi Qafqazda əbədi olaraq “arbitraj” rolundan məhrum olacaqlar.

Azərbaycanın bu məsələdə mövqeyi isə birmənalıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması suverenlik və qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirilməlidir və kənar manipulyasiyalara yer yoxdur.
Regional oyunçular: Tehran və Brüsselin rolu
Prosesdə yalnız Moskva deyil, digər regional və qlobal aktorlar da fəallaşıb. İran “Tramp yolu” təşəbbüsünə qarşı çıxaraq onu Zəngəzur dəhlizi ilə eyniləşdirir və açıq şəkildə bu layihəyə müqavimət göstərir. Tehran üçün əsas narahatlıq regional nəqliyyat marşrutlarının dəyişməsi və geosiyasi balansın onun ziyanına transformasiyasıdır.

Brüssel isə əksinə, İrəvanla əməkdaşlığı dərinləşdirməklə Ermənistanın Avropa orbitinə yaxınlaşmasını təşviq edir. Avropa İttifaqı ilə Ermənistan arasında son dövrlərdə imzalanan razılaşmalar Kremlin narahatlığını daha da artırır və Moskvanı daha aqressiv diplomatik fəaliyyətə sövq edir".

Cavid