XİN aydınlıq gətirib Hadisə

XİN aydınlıq gətirib

"Azərbaycanın Suriyadakı səfirliyinin erməni məhəlləsində yerləşməsi haqqında KİV-lərdə gedən məlumat düzgün deyil"

Xarici İşlər Nazirliyi bəzi KİV-lərdə Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində yerləşən Suriya Ərəb Respublikasındakı Səfirliyinin erməni məhəlləsində yerləşməsi və bununla əlaqədar Azərbaycanın xüsusi xidmət orqanları və XİN-in tədbir görməli olması barədə gedən yazılara münasibət bildirib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bu məlumat düzgün deyildir: "Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində mənzillənən Suriya Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş Rabia rayonunda yerləşir. Dəqiq ünvan isə belədir: Əl-Mətn, Antillyas, Əl-Rəhbani küçəsi, Aramta mərkəzi. Beyrutda ermənilərin kütləvi şəkildə yaşadıqları rayon isə Burc Hammud adlanır. Əgər müqayisə üçün desək Beyrutda səfirliyin yerləşdiyi rayon ilə Burc Hammud arasındakı məsafə fərqi təqribən Bakının Səbayıl rayonu ilə Əhmədli arasındakı fərqə bənzəyir. Bununla belə, Livan və Beyrut ilə yaxından tanış olan şəxslər bilirlər ki, ermənilər kompakt yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər rayonlarına da səpələnmişlər".
Beyrutda Azərbaycan səfirliyinin yerləşdiyi ərazidə digər ölkələrin diplomatik nümayəndəliklərinin olması barədə suala cavabında H.Hacıyev isə deyib: "Bu ərazidə və Azərbaycan səfirliyinin qonşuluğunda Türkiyə, Yunanıstan, ABŞ, Meksika və Fransanın səfirlikləri vardır. Səfirlik əməkdaşları da diplomatik rayon olan bu ərazidə yaşayırlar".