Dövlət Gömrük Komitəsindən rəsmi açıqlama Hadisə

Dövlət Gömrük Komitəsindən rəsmi açıqlama

Azərbaycan Dövlət Gömrük Komitəsi rusiyalı bloqger Erik Kituaşvilinin ölkəyə buraxılmaması barədə yayılan məlumatlara rəsmi münasibət bildirib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, komitənin açıqlamasında bildirilir:"Avqustun 25-də bir sıra internet saytlarında və sosial şəbəkələrdə "Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar" başlıqlı informasiya yer alıb. Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, 25 avqust tarixində Rusiya Federasiyasından Gürcüstandan keçməklə Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşı Erik Davidoviç Kituaşvilinin idarə etdiyi "BMW" markalı o165HO777 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" postunda gömrük baxışı həyata keçirilib. Gömrük baxışından öncə Erik Davidoviç Kituaşvili avtomobilində olan videoçəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim edib. Vətəndaş E. D. Kituaşvilidən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunub. Lakin o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu deyib. Vətəndaş E. D. Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, lakin o, geri qayıtmağa qərar verib.
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" postunda vətəndaş Erik Davidoviç Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilib, o da öz növbəsində heç bir etirazının olmadığını bildirib və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanıb".