MSK parlament seçkiləri ilə əlaqədar Təqvim Planı qəbul edəcək Hadisə

MSK parlament seçkiləri ilə əlaqədar Təqvim Planı qəbul edəcək

Seçki qanunvericiliyinin tələblərinə görə Azərbaycan prezidenti tərəfindən parlament seçkiləri təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası (MSK) Təqvim Planı qəbul etməli, şikayətləri araşdırmaq üçün qurumun nəzdində Ekspert Qrupu, imza vərəqələrində olan imza və sənədlərin düzgünlüyünü yoxlamaq üçün İşçi Qrup yaratmalıdır.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, prezidentin sərəncamı ilə əlaqədar avqustun 29-da MSK-nın iclası keçiriləcək. İclasda Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planının müzakirə və təsdiq olunması, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə seçki hüququnu pozan hərəkətlərdən, eləcə də hərəkətsizlikdən və qərarlardan verilmiş şikayətlərin araşdırılması üzrə MSK-nın nəzdində Ekspert Qrupunun və namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə İşçi Qrupunun yaradılması barədə məsələlərin müzakirə olunması nəzərdə tutulur.