15:35
945
“Azərbaycançılıq ideologiyası yalnız etnik mənsubiyyəti ifadə edən anlayış deyil, eyni zamanda dövlətçilik, milli maraqların müdafiəsi və vətəndaş həmrəyliyinə əsaslanan mühüm ideoloji konsepsiyadır”.
Bunu Xalq Cəbhəsi.az-a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib.
Onun sözlərinə görə, Azərbaycançılığın əsasını Azərbaycan dövlətinə sədaqət, milli-mənəvi dəyərlərin qorunması və müasir inkişaf çağırışlarına uyğunlaşma prinsipləri təşkil edir:
“Azərbaycançılıq həm milli özünüdərk konsepsiyası, həm də dövlətçilik ideologiyası kimi çıxış edir. Müasir dövrdə bu ideologiyanın qarşısında duran əsas vəzifə qloballaşmanın yaratdığı imkanlarla milli dəyərlərin qorunması arasında düzgün tarazlığın təmin edilməsidir. Bu gün gənclər əvvəlki nəsillərlə müqayisədə daha geniş informasiya məkanında formalaşırlar və sosial şəbəkələr, rəqəmsal platformalar onların dünyagörüşünə ciddi təsir göstərir.
Belə bir şəraitdə Azərbaycançılıq yalnız keçmişin öyrədilməsi ilə məhdudlaşmamalıdır. Gənclərə izah edilməlidir ki, qlobal dünyaya inteqrasiya milli kimlikdən uzaqlaşmaq demək deyil. Əksinə, milli dəyərlərinə bağlı olan insan beynəlxalq mühitdə öz ölkəsini daha layiqli şəkildə təmsil edə bilər”.
Deputat hesab edir ki, Azərbaycançılıq ideologiyasının müasir mərhələdə əsas istiqamətlərindən biri təhsil sistemində öz əksini tapmalıdır:
“Gənclərə Azərbaycanın tarixi, dövlətçilik ənənələri, milli-mədəni irsi və müstəqillik yolu daha dərindən öyrədilməlidir. Bununla yanaşı, onlarda tənqidi düşüncə, innovativ yanaşma və müasir texnologiyalardan istifadə bacarıqları da formalaşdırılmalıdır. Çünki müasir dünyada rəqabət yalnız iqtisadi və texnoloji sahədə deyil, həm də ideoloji və mədəni müstəvidə gedir. Milli dəyərlərin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran məsələdir. Ailə institutu, media və vətəndaş cəmiyyəti bu prosesdə mühüm rol oynayır. Milli tarixə, ana dilinə, ədəbiyyata, mədəniyyətə və dövlətçilik ənənələrinə hörmət hissi ailədən başlayaraq cəmiyyətin bütün institutları vasitəsilə möhkəmləndirilməlidir”.
A.Əlizadə əlavə edib ki, qloballaşma şəraitində Azərbaycançılıq ideologiyası yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməlidir:
“Azərbaycanın gələcəyi milli köklərinə bağlı, yüksək intellektə malik, müasir dünyagörüşlü və qlobal rəqabətə hazır olan gənc nəslin formalaşmasından asılıdır. Azərbaycançılıq ideologiyası da bu prosesdə strateji əhəmiyyətini qoruyacaq”.
Günel Elxan
16:50
427
16:50
427
16:49
427