“Çinin bu qərarı ABŞ-yə qarşı ilkin xəbərdarlıq mesajıdır” Siyasət

“Çinin bu qərarı ABŞ-yə qarşı ilkin xəbərdarlıq mesajıdır”

“Hazırda Çin və ABŞ arasında olduqca amansız iqtisad-ticari müharibə davam etməkdədir. Əslində, Tramp administrasiyasının Yaxın Şərqdə başlatdığı savaş da məhz Çinə qarşı yönəlmişdi, Çinin enerji resursları ilə təminatına problemlər yaratmaq məqsədi güdürdü və buna da müəyyən qədər nail oldular. Amma sonrakı mərhələdə ABŞ-nin müəyyən problemlər yarandığından bu savaşın dayandırılması istiqamətində addımlar atmaq məcburiyyətində qaldılar”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.

Politoloq bildirib ki, rəsmi Pekin bütün bu prosesləri diqqətlə izləyir və üstəlik Çin çox təmkinli mövqedən çıxış etməyə üstünlük verən bir dövlətdir: “Ancaq bir mərhələdən və qırmızı cizgilər tapdandıqdan sonra Çin də baş verən hadisələrə reaksiya verməyə çalışır. ABŞ şirkətlərinə tətbiq olunan ixrac nəzarəti barədə qərar da ola bilsin ki, buna yönəlib. Çin ABŞ-yə anlatmağa çalışır ki, dünyada istədiyini edə bilməz, həmçinin hər dövlətə istədiyini edə bilməz, müəyyən mərhələdən sonra ABŞ-nin davranışlarına sərt reaksiyalar verilə bilər. Böyük ehtimalla Çinin bu qərarı ABŞ-yə qarşı ilkin xəbərdarlıq mesajıdır. Əgər ABŞ belə davam edərsə, Çinin daha sərt addımlar atmaq ehtimalı qətiyyən istisna deyil”.

Röya İsrafilova