İdarə olunan fanatizm Hadisə

İdarə olunan fanatizm

Arzu Şirinova

Noyabrın 26-da Nardaranda qanlı olay baş verdi. Hüquq mühafizə orqanlarının əməkdaşları dini radikal eksteremist qüvvələrin yuvasını - sözsüz ki, belə yuvalar yenə də var - dağıtdı və nəticədə iki polis əməkdaşı qəhrəmancasına şəhid oldu, beş ekstremist isə məhv edildi. Bu, dediyim kimi nəticədir, səbəbsə illər öncə başlayıb. Və bu səbəbi dəf etmək mümkün olmayıb. Əslində səbəbi yerindəcə boğmaq olardı. Ancaq Azərbaycan müstəqil dövlətdir və bu dövlətin vətəndaşlarına imkan yaradılıb ki, hər kəs sərbəst olaraq öz hüquqlarından istifadə etsin, dini inanclarını qorusun, fikir azadlığından yararlansın, seçib-seçilmək hüququ olduğunu bilsin və bu hüquq uğrunda sivil qaydada mübarizə aparsın və s. Bu illər ərzində Bakının Nardaran kəndində bunun əksini gördük. Gördük ki, Hardaranı özlərinə məskən seçən ekstremistlər, terrorçular din pərdəsi altında əməllərini həyata keçirməklə məşğuldurlar. Onlar hər birimizə məlum olan dairələrdən, bölgələrdən, ölkələrdən sifariş alaraq, təlimatlanaraq yerləşdikləri Nardaran kəndində bu kəndin inanclı insanlarından istifadə edərək Azərbaycanın dövlət quruluşunu dəyişdirmək, Azərbaycanın Konstitusiyasına və qanunlarına zidd fəaliyyət göstərərək insanların beyinlərini zəhərləmək yolunu tutublar. Və gördük ki, Nardaran kəndində Azərbaycanın üçrəngli bayrağı dalğalanmaq əvəzinə, küçələrdə İŞİD-in hökmranlıq etdiyi Şərq ölkələrindəki kimi qara bayraqlar bəzəyir, dini aynlər teokratik dini dövlətlər xas xas olan üslubda icra olunur. Küçə boyu hasarlar yenə də radikal qrupların şüarları, İranın Ali dini lideri Əli Xomeyninin şəkilləri ilə bəzədilib... Bir sözlə, Azərbaycandan əsr-əlamat yoxdur Nardaranda. Nardaran islami qanunlarla, daha doğrusu dini radikal "qanunlarla" idarə olunan bir məkanı xatırladır...
Bəli, Nardaranda Azərbaycan qanunlarına əməl olunmadı. Elə başladılar bələdiyyə seçkilərindən... Neçə seçimdir ki, Nardaranda bələdiyyə seçkiləri keçirilmir. Bələdiyyələrin formalaşmasına bu kənddə imkan verilmir. Dünyanın hansı bir ölkəsində görünüb ki, dövlətin keçirdiyi seçkilərə bir bölgə etiraz eləsin və seçki keçirilməsinə yasaq qoyulsun. Heç bir yerində. Ancaq Nardaranda bunun şahidi olduq. Azərbaycan hakimiyyəti Nardaranda qanunun aliliyini qorumaq və bu qanunları tətbiq etmək əvəzinə, bu kəndin nazıyla oynadı. Həm də baxın görün necə? Nardaran kəndində sosial problemlərin həll edilməməsilə bağlı iddialar tamamilə əsassızdır. Belə ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün Bakıətrafı kənd və qəsəbələrin, eyni zamanda, Nardaran kəndinin sosial-iqtisadi problemləri lazımi səviyyədə həll edilir. Bunu görməmək və görüb qiymətləndirməmək ən azından nankorluqdur.
Gəlin etiraf edək ki, əgər hər hansı bir vətəndaşımız bir aydan artıq olmaqla kommunal xərclərin-elektriq, qaz, su- ödənişini gecikdirsə dərhal istifadədən məhrum ola bilər. O vaxta kimi ki, həımin borc ödənilsin. Ancaq rəsmi məlumata görə, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elekterik enerjisinə görə 42 milyon 267 min borcu var. 2015-ci ilə qədər 37 milyon 966 min manat, 2015-ci ilin 10 ayında isə 4 milyon manat borcdur ki, hələ də ödənməyib. Nardaran sakinləri təbii qaza görə dövlətə 1 milyon 376 min manat borcludur. Bu məbləğdən 387 min manat 2013-cü il üçün, 559 min manat 2014-cü il üçün, 450 min manat 2015-ci ilin 10 ayı üçün olan borclardır.
Göründüyü kimi terrorçu dəstə bütün imkanlardan istifadə edərək dövlət tərəfindən həyata keçirilən sosial, infrastruktur tədbirlərini sabotaj etməklə məşğul olublar. Halbuki, rəsmi olaraq ortaya qoyulan rəqəmlər ekstremistlərin uydurduğu "kənd sakinlərinin sosial, kommunal təminatının yaxşı olmadığı" iddialrını alt-üst edir, onların havadarlarının dezinformasiya vasitəsilə ölkə ictimaiyyətini çaşdırmaq cəhdində olduğunu büsbütün ortaya qoyur.
Tale Bağırzadə və onun ətrafında birləşmiş terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlərin başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.
Bu yolu da seçənlər cahillər ola bilər ki, Nardaranda artıq cahilliyin əsası qoyulub. Bu günlərdə hər birimiz şahidi olduq ki, Nardaranda meydanda sinə döyüb çığıranların bir hissəsi də orta məktəb yaşlarında olan uşaqlardı. Onlar bilik qazanmaq, elm sahibi olmaq, Azərbaycana ağılları, məfkurələriylə xidmət etmək yolunu tutmaq əvəzinə meydanda sinə döyərək birinci minilliyin ortalarında Kərbəlada baş vermiş faciədən doğan ideologiyanı özlərinin həyat normasına çeviriblər. Buna isə atalar, analar göz yumur, bəlkə də bəziləri sinə döyən övladlarının əməlindən "qürur" duyur, bəziləri də qorxudan səslərini içlərinə salıb danışa bilmirlər. Ancaq fərqinə varmırlar ki, bu gün qorxaraq səslərini çıxarmadıqları olay sabah özlərinin də, övladlarının da, ümumilikdə Azərbaycanın faciəsinə gətirib çıxara bilər.
...Hər zaman belə olub-terrorçular, radikal dini ekstremistlər təhsilin, maarifçiliyin, müasirliyin zəif olduğu yerlərdə öz niyyətlərini reallışdırmağa çalışıblar. Təhsilin, maarifçiliyin, müasirliyin zəif olduğu Nardaranda narkomaniya kimi sosial bəla geniş yayılıb. Beyni ifrat dini fanatizmlə doldurulmuş, narkotik maddələrin təsiri altına salınmış insanlar terrorçuların və onların havadarlarının əlində ən yaxşı silahdır. Təsadüfü deyil ki, orta əsrlərdə Həsən Səbbah adlı şiə lideri öz müridlərinə narkotik verdikdən sonra onlara cənnət vəd edir və ölümə göndərir. Bəli, orta əsr adət-ənələrinin hökm sürdüyü Nardaran kimi yerlərdə tarixi dini mərkəzlərin ideoloji təsiri özünü açıq büruzə verir, fanatik dini cərəyanlar güclənir, onlara qoşulanların sayı artır.
Təhsilin zəif olduğu Nardaran kimi kəndlərdə Hacı Mövsüm Səmədov, Taleh Bağırzadə kimi xarici dairələrin agentləri dini-siyasi avantüristlər Azərbaycana yad ideologiyanı təbliğ edə, özlərinə tərəfdar toplaya, terrorçu-ekstremist qruplar formalaşdıra və əhalini təhdid altında saxlaya bilirlər.
Nardaranda həm də qızları məktəbə getməyə qoymur, onları erkən yaşlarında ailə qurmağa məcbur edirlər. Nardaranda qızlar kiçik yaşlarından məcbur edilərək çadraya bürünürlər. Ən yaxşı halda isə qara çadranı hicab əvəzləyir. Təfəkkürə görə çadraya bürünmək və hicab bağlamaq namusun qorunması deməkdir. Bir dəfə yazmışdım yenə da yazıram-namusu çadraya bürünməklə, hicab bağlamaqla qorumazlar. "Namus, namus" deyib bağıranlar, ermənilərin əlində girov olan və namusuna təcavüz edilən xocalının qız-gəlinləri, ana-bacılarının başlarına açılan müsibətlərdən niyə danışmırsınız? Onların namusu sizlərin namusu deyilmi? Niyə bir dəfə də olsun Nardaranda meydana yığılıb "Dağlıq Qarabağ" deyib fəryad etmirsiniz, erməni əsirliyində olan qız-gəlinlərimizin qisasını alacağınızı və yaxud döyüşmək istədiyininzi, bu işdə dövlətlə, xalqla birgə olduğunu bildirmirsiniz? Çünki bilərəkdən və yaxud bilməyərəkdən Taleh kimilərin havadarlarının məqsədlərinə xidmət göstərmək yolunu seçmisiniz. Bu yol Azərbaycanın müstəqilliyinə, toxunulmazlığına, Konstitusiyasına, qanunlarına ziddir. Bu yolu seçənlər və yaxud məcburən seçənlər, Azərbaycan 20 Yanvar faciəsini yaşayıb müstəqillik qazanıb ki, sonra sizin kimi düşüncə sahiblərinin istəyi ilə öz quruluşunundan vaz keçsin? Əsla olmayacaq. Azərbaycanın bayrağını başı üzərində görmək istəməyən, müstəqilliyini qəbul etməyən və əksinə, dini radikallığı həyat amallarına çevirənlərin bu ölkədə yaşamağa haqları yoxdu. Hansı quruluşu sevirlərsə, hansı quruluşda yaşamaqdan məmnun olacaqlarsa qapılar taybatay açıqdı, gedə bilrlər. Azərbaycanın güclü olması, bölgədə söz sahibinə çevrilməsi, kimsənin diqtəsinə boyun əyməməsi Taleh kimilərin havadarlarının işinə yaramır. Ona görə də Nardaran olayını bu xalqa yaşatdılar.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq Nardaranda kök salmış terrorçular və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, bu kənd azğınlaşmış terrorçu dəstənin hökmranlığından, Azərbaycan xalqına, hüquqi dövlət prinsipinə xas olmayan mənfi hallardan, stereotiplərdən xilas olunmalıdır.
Azərbaycan dövləti, hüquq mühafizə orqanları Nardaranı İŞİD tipli istehkama döndərənlər barədə sərt ölçü götürməli, kənddə qanunların, ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün tədbirləri görməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün