“Qurani-Kərimdə fitnə-fəsada, bölücülüyə yer yoxdur” Hadisə

“Qurani-Kərimdə fitnə-fəsada, bölücülüyə yer yoxdur”

Son günlərdə Bakı şəhərinin Nardaran qəsəbəsində baş verən hadisələr cəmiyyətimizin hər bir üzvünü dərindən düşündürür. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da baş verən hadisələrlə bağlı öz fikirlərini bildirib. "Ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf hər zaman bəzi xarici dairələri dərindən narahat edib. Çox təəssüflər olsun ki, bəzi vətəndaşlarımız da bu cür kənar qüvvələrin təsiri altına düşərək ictimai-siyasi sabitliyi pozmaq üçün pozucu hərəkətlərə yol verirlər", - deyə bildirən E. Aslanov vurğulayıb ki, baş verən hadisələrdə əsas olaraq gənclərin istifadə olunması da çox məyusedicidir: "Təbiidir ki, ölkəmizdə sabitliyin qarantı olan dövlətimiz bu cür hadisələrin qarşısını almaqda lazımi gücə malikdir. Amma bu cür hadisələrin təkrarlanmaması üçün Nardaran qəsəbəsində yaşayan əhali arasında, xüsusilə gənclər arasında profilaktik işlərin aparılmasına ehtiyac vardır. Azərbaycan Tələbələr Birliyi olaraq bu sahədə istənilən fəaliyyəti öz üzərimizə götürməyə hazırıq. Çünki, biz əminik ki, Nardaran gənclərinə düzgün yol göstərilsə, onlara müxtəlif maarifləndirmə üsulları vasitəsilə düzgün və dəqiq məlumatlar çatdırılsa, məhz o gənclər dövlətçiliyimizin əsas tərəfdarlarına çevriləcəklər. Bu cür işin aparılması ilə biz cəmiyyətimizdə müxtəlif qruplaşmaların, bölücülük fəaliyyətinin olmasını istəyən qüvvələrə açıq mesaj verə bilərik. Bizim dinimizdə, müqəddəs kitabımız olan Qurani-Kərimdə fitnə-fəsada, bölücülüyə yer yoxdur. Ona görə də biz, bizi istəməyənlərə qarşı bir olmalıyıq və onlara cavabı məhz birliyimiz vasitəsilə verməyilik".