Əfv olacaq Hadisə

Əfv olacaq

Oqtay Əsədov: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamı imzalanacaq"

Qüdrət Həsənquliyev: "Əfv verilməlidir, bundan sonra görək hansı bəhanə tapacaqlar"


Bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamı imzalanacaq. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında bildirib.
Spiker qeyd edib ki, Azərbaycan prezidenti bu kimi sərəncamları mütəmadi imzalayır, ilin sonunda da əfv sərəncamının imzalanması gözlənilir.
Oqtay Əsədov ABŞ Helsinki Komissiyasının Kris Smitin rəhbərliyi ilə Konqresə təqdim etdiyi, Azərbaycanda vəzifəli şəxslərə sanksiya nəzərdə tutan qanun layihəsinə də münasibət bildirib.
"ABŞ-da ermənilərin diaspor rəhbərlərindən biri olan Aram Hamparyan "tvitter" səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib".
Spiker bildirib ki, Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar Partiyasının üzvü olub: "Amma indi erməni lobbisinin fəallarındandır. Bizdə bəzi media qurumları bunu şok xəbər kimi təqdim edir. Burda şok nə var ki? Təsəvvür edin ki , biz bir komissiya yaratmışıq. Kimsə də belə çıxış edib. O, adi deputatdır. ABŞ səfiri açıqlama versin ki, bu bəyanat ABŞ-ın rəsmi mövqeyidir, yoxsa hansısa bir konqresmenin?"
Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: "ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostu var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram" .
Oqtay Əsədov mətbuata da müraciət edərək ABŞ-ın Azərbaycandakı səfirinə bununla bağlı suallar ünvanlamağa çağırıb.


"Smitin hər addımı təxribatdır"


Milli Məclisin Parlamentlərarası münasibətlər və beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin plenar iclasda çıxışı zamanı bildirib ki, ABŞ Konqressinin Helsinki Komissiyasının üzvü, Respublikaçı konqresmen Kris Smit təqdim etdiyi layihə Amerikanın özünə mənfi təsir göstərən amildir: "Təəssüflər olsun ki, mediada bunun ABŞ Konqresinin Helsinki Komissiyasının təqdim etdiyi layihə olduğunu oxuyuruq. Helsinki Komitəsi Avropada təhlükəsizlik və əməkdaşlıqla bağlı yaradılıb. Burada 9 konqresmen, 9 senator, Dövlət Departamentindən 2, müdafiə nazirliyindən 1 və ticarət nazirliyindən bir nümayəndə təmsil olunur. Helsinki Komissiyasının Konqresə aidiyyəti yoxdur. Sözsüz ki, bu həm də erməni diasporunun fəaliyyətidir. Mən sizə iki sənəd təqdim edəcəm. Birincisi Helsinki Komissiyasının sənədidir. Sənəddə Helsinki Komissiyası həmin şəxsin Konqresə layihə təqdim etdiyini xəbər verir. Sadalanan 9 konqresmen,9 senator və digər şəxslər sənədin altınadan imza atmayıb. Yalnız bir nəfər - Smit imza atıb. Bu şəxs erməni diasporunun hörmətini qazanan şəxsdir. Bu şəxsin hər addımı təxribatdır. Bu, ermənipərəst, anti-Azərbaycan qüvvələrin hiyləgər cəhdidir. ABŞ Konqresinə ildə 4 min qanun layihəsi daxil olur. Onların içərisindən seçilərək 120-130 sənəd qəbul edilir. Yəni bu tərzdə hazırlanan sənədin qəbulu sıfırdır. Onlar niyə bu işi görürlər? Azərbaycanda insan haqları ilə bağlı müntəzəm işlərin aparılması göz qabağındadır. İlin sonunda əfv fərmanları olur. Azərbaycan siyasəti, ABŞ-la münasibət yüksək səviyyədə öz əksini tapır, regionda olan problemlərə təsir imkanı əldə edir. Erməni diasporu təkcə ABŞ-da deyil, başqa ölkələrdə də öz işlərinə başlayıb".
Səməd Seyidov deyib ki, dekabrın 14-də Londonda Büronun iclasında Yaqlandla birgə iştirak edib: "Cənab Yaqland çıxışında qeyd etdi ki, Avropa Şurasına daxil olan ölkələrdə konvensiyaların qəbulunda problem yaranıb. Qeyd edildi ki, xaosdan çəkinərək daxili qanunvericiliyə üstünlük verirlər. Polşadan, İngiltərədən, Rusiyadan misal gətirdi. Mən də qeyd etdim ki, burada Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovlarla bağlı qərarını Ermənistan yerinə yetirmir. Bəli, cənab Yaqland Azərbaycanda Məmmədov məsələsini qeyd etdi. Əlavə etdi ki, biz dialoq çərçivəsində bu məsələləri həll etməliyik. Bunun üzərindən 2 gün keçdikdən sonra ABŞ-da Smit belə bir layihəni ortaya qoyur, Yaqlandın fikirlərini konteksdən çıxararaq istifadə edir. Bu bir ermənipərəst deputatın cəhdidir. Hesab edirəm ki, bunu düzgün qiymətləndirmək lazımdır".


"Bu hərəkət xəyanətdir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənqliyev də çıxışı zamanı ABŞ Konqresinin Helsinki Komissiyasının üzvü, Respublikaçı konqresmen Kris Smitin təqdim etdiyi layihəyə münasibət bildirib.
Qüdrət Həsənquliyev spiker Oqtay Əsədovun Helsinki Komissiyasının məlum layihəsinin gündəmə gəlməsinə dair fikirləri ilə də razılaşdığını söyləyib: "Səhər mediada oxudum ki, Ermənistanda referendum saxtalaşdırılıb. ABŞ səfirliyi qeyd edib ki, sənədi saxtalaşdıranlar tədbirlərə çağırılmasın. Bizdə Əfv Komissiyasının üzvləri qeyd edirlər ki, əfv fərmanı olacaq. Leyla və Arif Yunuslar azad edilib. Bu yaxınlarda Əhməd Davudoğlunun səfəri zamanı prezident İlham Əliyev bəyan etdi ki, Türkiyə bizim qardaşımızdır.
Türkiyə NATO ölkəsidir. Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-ın Azərbaycana qarşı bu hərəkəti xəyanətdir. İndi qeyd etdiniz ki, əfv olacaq. Onlar da düşünürlər ki, əfv olanda qeyd edəcəklər ki, bizim bu addımımızdan sonra əfv oldu. Məncə, buna diqqət etmək lazım deyil, əfv verilməlidir və hər kəs azadlığa buraxılmalıdır. Bundan sonra görək hansı bəhanə tapacaqlar".
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycanın tutduğu yolun demokratik yol olduğunu vurğulayıb: "Məni təəssüfləndirən odur ki, Amerika ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti bu günə kimi bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Hesab edirəm ki, bunun arxasında erməni təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır".
Deputat Zahid Oruc isə deyib ki, ABŞ-la Azərbaycan bütün hallarda işləməlidir: "ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz ABŞ-la işi gücləndirməliyik".
O, Azərbaycan diasporunun bu istiqamətdə fəallığa çağırıb.
Spiker Oqtay Əsədov isə Zahid Oruca irad bildirib: "ABŞ-la iş aparılır. Amma bilirsən ki, orada erməni diasporunun tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporunun tarixi nə vaxtdan? 100 ildən çoxdur, orada yaşayan ermənilər artıq amerikanların ətinə-dırnağına işləyib. Amma biz orada cəmi 20 ildir, diaspor qururuq. 2007-ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz".

Beynəlxalq sənədlər təsdiqləndi

Milli Məclisinin iclasında Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədlər də təsdiq olunub.
Bunlar Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə San Marino Respublikasının hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" sazişlərdir.
Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.

Hərbi hissələrdə xüsusi guşə yaradılacaq

Parlamentin dünən keçirilən plenar iclasına "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər də müzakirəyə çıxarılıb.
Layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclissədrinin I müavini Ziyafət Əsgərov məlumat verib.
Ziyafət Əsgərov deyib ki, layihənin məqsədi hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, "Şöhrət" ordeni və "Şah İsmayıl" ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın dövlət bayrağı ilə örtülür. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.
Bundan başqa, nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.
Layihə səsə qoyularaq qəbul olunub.