Bakıda “üzən məzənnə” ajiotajı Hadisə

Bakıda “üzən məzənnə” ajiotajı

İşbazlar yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışdılar

Dünən dolların başalaşmasından sonra Bakı şəhərindəki əksər şirkət və firmaların pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb.
Bəzi topdansatış mərkəzlərində qiymətlər artırılmasa da firmalar məhsul sifarişi qəbul etməyiblər.
Məişət texnikası bazarında isə satış ümumiyyətlə dayandırılıb. "Kontakt" mağazasından isə bildirdilər ki, satışı dayandırıblar: "Qiymətlər tam müəyyənləşdiriləndən sonra mağazalar işləyəcək. Hələlik bir neçə gün işləməyəcəyik".
Mobil telefonların satışı ilə məşğul olan bəzi mağazalarda isə devalvasiyadan öncə 239-249 manata satılan "Samsung Grand Prime Duos" telefonu hazırda 374 manata alıcılara təklif edilir. Bu telefon modelinin qiymətində 125-135 manat artım var.
Bütün telefonların qiymətində 110-210 manat qiymət artımı qeydə alınıb. Eyni zamanda Bakıda fəaliyyət göstərən əksər telefon mağazaları kreditlə satışı dayandırıb.
Paytaxtın ən böyük məişət texnikası satış mərkəzlərindən olan "Music Gallery"nin giriş qapısında "texniki səbəblərə görə bağlıdır" elanı yerləşdirilib.
İstilik sistemləri avadanlıqları mağazalarında da satış dayandırılıb. Dərnəgül qəsəbəsindəki kombi mağazalarının qapısına qıfıl vurulub.
Manatın ucuzlaşması hələlik geyim mallarına təsir etməyib. Lakin endirimlər ləğv edilib. Məsələn, "28 may" yeraltı ticarət mərkəzindəki mağazaların üzərindəki "endirim" sözləri silinməyə başlayıb.
Marketlərdə isəəsl ajiotaj hökm sürüb. Əlindəki manatdan xilas olmaq istəyən əhali mağazalardan əsasən ərzaq məhsulları, məişət texnikası və gündəlik tələbat malları almaq üçün növbəyə dayanıb.
"Bazarstore" supermarketində alış-veriş edənlərin sayı adi günlərlə müqayisədə xeyli artıb. Hətta müştərilər deyir ki, market önündə maşın saxlamağa yer tapa bilmirlər.
"Fikirləşdim birinci gündür, adam az olar, amma gəlib gördüm ki, maşın saxlamağa yer yoxdur. İndi nə qədər alış-veriş eləsək də nə xeyri var? Uzağı bir-iki həftə bəs edəcək də. Bəs sonra?" - deyə alıcı Sevil Məmmədova bildirib.
Digər alıcı Həsən Alıyev də qiymətlərin birdən-birə artmasından narahat olduqlarını deyir: "Birdən-birə 50 faiz bahalaşma olar? Bayram bazarlığını ayın sonuna saxlamışdıq. Məcbur olub bu gün alıram. Yoxsa ki, bayramda bazarlıq edə bilməyəcəm".
Mağazalara yeni məhsulların gətirilməsi də dayandırlıb. Mal və məhsulların sabahdan - dekabrın 22-dən yeni qiymətlərlə satılacağı gözlənilir. Ehtimal olunan qiymət əhali arasında həyəcan yaradıb və supermarketlərdə görünməmiş sıxlıq müşahidə olunub.
Əhali daha çox qənd, şəkər, çay, yağ, kolbasa, sosiska, düyü, makaron, vermişel, konservlər və gündəlik tələbat malları alır.
Hökumət isə bəyan edib ki, devalvasiya baş versə də ərzaq mallarının qiymətində sıçrayışlı artım olmayacaq. Halbuki məsələn, siqaret artıq kəskin bahalaşıb. Dünən 2 manat 20 qəpiyə satılan "Kent 4" markalı siqaret bu gün səhər artıq 2 manat 50 qəpikdən satılıb..
Qeyd edək ki, devalvasiyanın baş verməsini fürsət bilən bəzi mağaza, market sahibləri satışda olan məhsulların qiymətlərinin qaldırılması məqsədilə dünən səhər saatlarından mağazaları alıcıların üzünə bağlayıblar.
Metronun "Elmlər Akademiyası" stansiyasının ətrafında fəaliyyət göstərən bir neçə mağaza dünən səhər saatlarından bağlanıb.
Bağlanan mağazaların ərazidəki satıcıları "Trend"ə bildiriblər ki, marketlərin fəaliyyətinin dayandırılması ilə bağlı tapşırıq rəhbərlik tərəfindən verilib: "Dolların məzənnəsinin bahalaşmasından sonra dərhal rəhbərlik zəng edərək bildirib ki, satışı dayandırın. Mağazanın nə vaxt yenidən fəaliyyətə başlayacağını hələ dəqiq bilmirik".
Bağlanan digər bir mağazanın satıcısı da satışın dayandırılmasının dolların bahalaşması ilə əlaqəli olduğunu bildirib: "Dolların bahalaşma xəbərini eşidən kimi satışı dayandırdıq. Belə sərf etmir. Dollar bahalaşandan sonra yəqin ki, qiymətlərə yenidən baxılacaq".