Zərdabi Mətbuat Mərkəzi layihəyə yekun vurdu Hadisə

Zərdabi Mətbuat Mərkəzi layihəyə yekun vurdu

Zərdabi Mətbuat Mərkəzi və "Kred Aqro" Bank Olmayan Kredit Təşkilatının 2015-ci ili əhatə edən "Bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələrinin aptırılmasında stimullaşdırıcı tədbirlərin rolu və onun həyata keçirilməsi yolları" layihəsinə yekun vurulub. Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbir ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, bank-kredit sektorunun təmsilçilərini, media və iqtisadiyyat sahəsində tanınmış mütəxəssisləri, ictimaiyyət nümayəndələrini bir araya gətirib.
Öncə Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadənin "Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr" mövzusunda məruzəsi və ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən 31 KİV-də aparılan monitorinqin nəticələri müzakirə predmeti olub. Sonda ən yaxşı debitorlara, sahəni ilboyu daha fəal və peşakarlıqla işıqlandıran media orqanlarına, bir qrup jurnalistə mükafatlar təqdim edilib.
Məruzədə qeyd olunub ki, hər iki qurum 4 ildir ki, birgə layihələr həyata keçirir. "Bu, ölkədə medianın bank-kredit sektoru ilə illər boyu birgə əməkdaşlığının mümkünlüyünü sübut edən əyani nümunədir" - deyən R.Hüseynzadə layihənin 2012-ci ildə yalnız paytaxt KİV-lərini əhatə etdiyini, növbəti illərdə bura regionların, debitorların da əlavə olunduğunu bildirib. O, 2015-ci ildə "Kred Aqro" BOKT-nin 15, Zərdabi Mətbuat Mərkəzinin 10 yaşı tamam olduğunun əsas götürülərək stimullaşdırıcı tədbirlərin önə çəkildiyini, indiyədək Sumqayıt, Masallı və Mingəçevirdə debitorların, bölgə mətbuatının mükafatlandırıldığını nəzərə çatdırıb.
"Əlbəttə belə səmərəli və uzunmüddətli əməkdaşlıq tərəfdaşımızın, qurumun rəhbərliyinin media ilə əməkdaşlığa verdiyi önəm kimi dəyərləndirilməlidir. Məhz bunu nəzərə alaraq jurnalist təşkilatımız "Kred Aqro" BOKT-nin Müşahidə Şurasının sədri Douqlas L.Leavensi və İdarə Heyətinin sədri Məcid Əsədovu xüsusi diplomlarına layiq görüb" - deyən Rəhim Hüseynzadə mükafatları təşkilatın təmsilçisi, kredit departamentinin rəhbəri Zaur Ömərova təqdim edib.
Zaur Ömərov təşəkkürünü bildirərək tədbir iştirakçılarına "Kred Aqro" BOKT-nin missiyası və 15 ildə keçdiyi yol barədə məlumat verib.
O, 15 il əvvəl ABŞ-ın ACDİ/VOCA, təşkilatı tərəfindən yaradılan qurumun 36 rayonu əhatə edən 24 filialı vasitəsilə Azərbaycan regionlarının və ucqar kəndlərinin kredit mənbələrindən uzaq sahibkarlarına bu məqsədlə göstərdiyi xidmətlərdən danışıb. Departament rəhbəri kreditlərin 40 faizinin sırf kənd təsərrüfatının inkişafına yönəldiyini, devalvasiyadan sonra kreditlərin bütövlikdə manatla verildiyini, 2016-cı ildə eyni prinsipin davam etdiriləcəyini söyləyib. "Kred Aqro"nun öz missiyasının öhdəsindən inamla gəlməsində, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılmasında media ilə sıx əlaqələrin mühüm rol oynadığını deyən Zaur Ömərov Zərdabi Mətbuat Mərkəzi ilə əməkdaşlıqdan məmnun qaldığını, 2016-cı ildə bunun davam etdiriləcəyini söyləyib.
Sonra o, "İlin debitoru" adına layiq görülmüş Ceyhun Musayevə, Vəli Baxşəliyevə, Atalı Əsədova, Nüşabə Salmanovaya, Vüqar İbrahimova diplomlar və qiymətli hədiyyələr təqdim edib.
KİV-lər və jurnalistlər isə ilboyu aparılan monitorinqlərin yekunlarına əsasən mükafatlandırılıblar. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev belə layihələrin əhalinin bu sahədə maarifləndirilməsindəki rolundan danışıb.O, bank-kredit məsələlərindən yazan jurnalistlərin ixtisaslaşmalarının medianın problemlərindən olaraq qaldığın deyib və həmin sahəni işıqlandıran media təmsilçiləri üçün pulsuz təlimlər keçirmək niyyətində olduqlarını nəzərə çatdırıb. Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə monitorinqi aparılan KİV-lərdə ötən ilə nisbətən informasiyalarla yanaşı maarifləndirici yazıların xeyli artmasını layihənin diqqəti çəkən uğuru kimi dəyərləndirib. Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadənin, veteran jurnalist İntiqam Mehdizadənin, "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidovanın çıxışlarında isə layihənin davamlığının arzulandığı ifadəsini tapıb.
Tədbirdə "Bakı xəbər" qəzetlər, "Azəri-Press" İA informasiya agentlikləri arasında sahəni ən fəal işıqlandıran KİV-lər kimi plaketlərə layiq görülüb. "İqtisadiyyat" qəzeti isə ən çox analitik və maarifləndirici materiallar məqdim edən mətbu orqan kimi diplomla mükafatlandırılıb. Yazılı mediada "Həftə içi", "Yeni Müsavat", həmçinin "Mövqe" və "Ekspress" qəzetləri ilk beşlikdə yer aldıqlarına görə fərqləndiriliblər.
Azərbaycan Dövlət İnformasiya Agentliyi ("AzərTAC") və "Trend" İnformasiya Agentliyi isə ikinci -üçüncü nəticələrə görə İA-lar arasında seçiliblər.
Mirbağır Quliyevə ("Xalq qəzeti"), Zülfü İlyasova ("İqtisadiyyat qəzeti"), Rəşad Əliyevə ("Bizim yol" qəzeti), İlkin Bağırova ("Milli.az" İnternet Portalı) və Bəhlul Eminova ("İqtisadiyyat və həyat" jurnalı) Zərdabi Mətbuat Mərkəzinin diplomları və pul mükafatları verilib.