Yaponiyanın yeni raketləri ilk dəfə ABŞ ilə birgə təlimlərdə iştirak edəcək Dünya

Yaponiyanın yeni raketləri ilk dəfə ABŞ ilə birgə təlimlərdə iştirak edəcək

Yaponiyanın təxminən 1 min km mənzilə malik yeni mobil "Type-25" raketləri ABŞ və Yaponiya Silahlı Qüvvələrinin oktyabr ayında keçiriləcək "Keen Sword" birgə təlimləri zamanı ilk dəfə nümayiş olunacaq.

Xalqcebhesi.az "Kyodo" informasiya agentliyinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanın bir çox bölgələrində hər iki tərəfdən on minlərlə hərbi qulluqçunun iştirakı ilə baş tutacaq.

Təlimlərin dəqiq müddəti və keçiriləcəyi konkret məkanların daha sonra açıqlanması gözlənilir. Manevrlər iki ildən bir təşkil olunur.

Quru bazalı "Type-25" mobil raketləri 2026-cı ilin martında ilk dəfə olaraq cənub-qərbdəki Kyuşu adasının Kumamoto prefekturasında yerləşən "Kengun" bazasında daimi əsasda yerləşdirilib. "Keen Sword" təlimləri çərçivəsində bu raketlər həmin ərazidəki poliqona gətiriləcək. ABŞ və Yaponiya hərbçiləri bu cür silahların tuşlanması və tətbiqi zamanı qarşılıqlı fəaliyyəti məşq edəcəklər, lakin raketlərin real buraxılışı həyata keçirilməyəcək.

Rəsmi olaraq bu raketlər "gəmiəleyhinə" hesab olunsa da, Tokio onları potensial düşmənin bazalarına "cavab zərbəsi" vasitəsi kimi qiymətləndirir. Bununla əlaqədar "Kyodo" agentliyi qeyd edir ki, Kyuşu adasından buraxılan raketlər Çinin sahilyanı ərazilərinə çatır. Yerli sakinlər bu cür silahların yerləşdirildiyi ərazinin də hərbi zərbə hədəfinə çevrilə biləcəyindən narahatlıqlarını ifadə edirlər.

Məryəm Quliyeva