08:38
441
İsrailin Baş naziri Binyamin Netanyahu bazar günü Əbu-Dabiyə səfər edərək BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayyan ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.
Telekanalın məlumatına görə, səfər Baş nazirin dəftərxanası tərəfindən əvvəlcədən elan edilməyib. Netanyahu BƏƏ-də bir neçə saat olub və israilli biznesmenə məxsus, ölkənin digər yüksəksəviyyəli nümayəndələrinin də istifadə etdiyi özəl təyyarədən yararlanıb.
Səfər "Haaretz" qəzetində BƏƏ Prezidentinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hazırladığı hücum barədə Netanyahuya xəbərdarlıq etməsi ilə bağlı dərc olunan yazılar fonunda baş tutub. Nəşrin məlumatına görə, Baş nazir bu məlumatı xüsusi xidmət orqanlarına ötürməyib.
Netanyahu bu iddiaları rədd edib. BƏƏ hakimiyyəti də dərc olunmuş məlumatları təsdiqləməyib.
Netanyahunun BƏƏ Prezidenti ilə bundan əvvəlki analoji görüşü may ayında baş tutmuşdu. Həmin vaxt dəftərxanadan qeyd olunmuşdu ki, bu səfər İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərdə irəliyə doğru mühüm addımdır.
Məryəm Quliyeva